Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim etdi

Bakı. TurkicWorld:

2024-cü il yanvarın 5-də Azərbaycan Respublikasının Hindistan Respublikasına yeni təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Hindistan Prezidenti Droupadi Murmuya təqdim edib.

Səfirlikdən TurkicWorld-a verilən məlumata görə, təqdimetmə mərasimi Nyu Dehli şəhərindəki “Raştrapati Bhavan” adlanan Prezident Sarayında keçirilib.

Mərasimdən sonra baş tutan görüşdə səfir E.Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Droupadi Murmuya çatdırıb.
Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən xanım Prezident öz növbəsində onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət əsnasında Azərbaycan və Hindistan arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticarət, enerji, turizm, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Yekunda Prezident D.Murmu təyinatı münasibətilə səfiri təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.