ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyənin səmərəli rolunu alqışlayır - Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyənin səmərəli rolunu alqışlayır - Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyənin səmərəli rolunu alqışlayır.

TurkicWorld-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

"Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan bütün müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi bir məsələdir. Biz Türkiyənin bu məsələdə səmərəli rolunu alqışlayırıq. Biz Türkiyə xarici işlər nazirinin sülhün mümkün olması ilə bağlı dediyi fikirlərlə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir", - deyə o bildirib.

Qeyd edək ki, bugün Azərbaycanda səfərdə olan Hakan Fidan brifinq zamanı bildirib ki, bundan sonrakı dövr Cənubi Qafqazda sabitliyin başlanğıcı olmalıdır.

"Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan sonra Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşacaq. Biz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan müzakirələri dəstəkləyirik və qarşımıza qoyulan istənilən vəzifəni yerinə yetirməyə hazırıq", - deyə Hakan Fidan bildirib.