Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasına ümid edirik - İtaliya Səfirliyi

Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasına ümid edirik - İtaliya Səfirliyi

Bakı. TurkicWorld:

Azərbaycan və Ermənistanın birgə bəyanatı çoxdan gözlənilən sülhə doğru atılan cəsarətli addımdır.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi "X" sosial media hesabında qeyd edib.

"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün dialoq qətiyyətlə dəstəklənəcək və sülh sazişinin tezliklə bağlanmasına ümid edirik", - deyə paylaşıdma bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.