Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. TurkicWorld:

30 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşüb.

XİN-dən TurkicWorld-a bildirilib ki, görüşdə tərəflər ikitərəfli və çoxtərəfli platformalarda yeni əməkdaşlıq perspektivləri, regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı tərəflər Azərbaycan-Portuqaliya münasibətlərinə böyük önəm verdiklərini vurğulayıblar. Bu xüsusda, siyasi dialoqun, o cümlədən qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Azərbaycan-Portuqaliya iqtisadi əməkdaşlığının yeni sahəsi kimi enerji keçidi və bərpa olunan enerji sahələri, nəqliyyat-kommunikasiya, turizm və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Portuqaliya şirkətlərini Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməyə dəvət edib.

Nazir Ceyhun Bayramov görüşdə həmkarını post-münaqişə dövründə hərbi-siyasi təxribatları, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirlərini şərtləndirən səbəblər, tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə ətraflı məlumatlandırıb.

Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacibliyi vurğulanıb.

Bu gün Azərbaycanın tam suverenliyinin bərpa etməsindən sonra sülh sazişinin imzalanması üçün real şansların olduğunu bildirən nazir Ceyhun Bayramov Ermənistanın bu tarixi imkanların müsbət dəyərləndiriləcəyinə ümidvarlığını ifadə edib.

Görüşdə daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.