Avropa Parlamentinin prezidenti azərbaycanlı diaspor fəalına cavab verib

Avropa Parlamentinin prezidenti azərbaycanlı diaspor fəalına cavab verib

Bakı. TurkicWorld:

Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsolanın adından Azərbaycanın Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgərə cavab məktubu göndərilib.

Bu barədə TurkicWorld -ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

AP-nin vətəndaşların sorğuları şöbəsindən (AskEP) soydaşımıza ünvanlanan məktubda bildirilib ki, onun qurumun Azərbaycanla bağlı qətnaməsinə etiraz məktubu 2023-cü il oktyabr 25-də qəbul edilib: "Əmin olun ki, Qarabağdakı vəziyyətlə bağlı oktyabrda qəbul edilmiş sonuncu qətnamə ilə bağlı müşahidələriniz diqqətlə oxunub və qeyd olunub".

Məktubda nəzərə çatdırılıb ki, prezident parlament üzvlərinə siyasi fəaliyyətlərini necə aparmaları və ya necə səs vermələri barədə göstəriş vermək səlahiyyətinə malik deyil: "Üstəlik, prezident bu qətnaməyə səs verməyib".

Məktubun sonunda Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin Ermənistan, Azərbaycan və Gürcüstanda vəziyyətin monitorinqini apardığı, bu ölkələrin parlamentləri ilə əlaqə saxladığı və digər məsələlər diqqətə çatdırılıb.