Son dəqiqə

Azərbaycan Qarabağ Beynəlxalq səyyahlar

Qarabağdakı hadisələr KİV-də məhdud işıqlandırıldı - rumıniyalı səyyah

Bakı. TurkicWorld:

Qarabağdakı hadisələr Rumıniyanın kütləvi informasiya vasitələrində məhdud işıqlandırıldı.

TurkicWorld şənbə günü xəbər verir ki, bunu "NomadMania" beynəlxalq səyahətçilər klubundan rumıniyalı səyyah Matey Rusu Qarabağa səfəri zamanı deyib.

"Azərbaycan səfər etdiyim 68-ci ölkədir. Qarabağa ilk dəfədir ki, səfər edirəm və bu, Azərbaycana da ilk səfərimdir. Səfərimdən əvvəl Qarabağ barəsində elə də çox eşitməmişəm. Deyə bilərəm ki, bu bölgədəki hadisələr xüsusən Rumıniya KİV-ində məhdud işıqlandırılıb", - deyə o qeyd edib.

Bununla belə, Rusu öz zənginliyi və öz memarlığında ənənələrlə müasirliyi birləşdirməsi ilə tanınan Bakı haqqında çox müsbət rəylər eşitdiyini və bunun "Flame Towers" nümunəsində xüsusən bariz olduğunu qeyd edib.

Rumıniyalı səyyah 8 noyabrda qeyd olunan "Zəfər Günü"nün Azərbaycan xalqı üçün çox vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün dünya şöhrətli "NomadMania" beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.

Mövzuya görə xəbərlər