Füzuli şəhərinin bugünki mənzərəsi Azərbaycanın inkişafının və xalqımızın öz varlığına bağlılığının bariz nümunəsidir - Aydın Mirzəzadə (ÖZƏL)

Füzuli şəhərinin bugünki mənzərəsi Azərbaycanın inkişafının və xalqımızın öz varlığına bağlılığının bariz nümunəsidir - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Füzuli şəhərinin bugünki mənzərəsi Azərbaycanın inkişafının, Azərbaycan xalqının özünün tarixinə, torpağına, öz varlığına bağlılığının bariz nümunəsidir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Çox düzgün olaraq şəhərlərimizin işğaldan azad olduğu günlər “Şəhər günü” kimi cənab Prezidentimiz tərəfindən təsdiq olunub. Min illərlə yaşı olan regionlarımız, işğal dövründə var-varcasına məhvə məhkum oldu. Həmin şəhərləri, kəndləri yenidən qurmaq lazım gəldi. Bu gün şəhərlər yeni nəfəs alırlar, tamamilə yenidən qurulurlar. Şəhər günündə hər bir işğaldan azad olunan şəhər, dünənini və bu gününü müqayisə edə bilər, gələcəyin planını qura bilər. Füzuli şəhəri Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Füzuli, regionu Azərbaycan tarixinə minlərlə tanınmış qəhrəmanlar, ziyalılar bəxş edibdir",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Füzuli, işğalaqədər Azərbaycanın ən gözəl və inkişaf etmiş bölgələrindən biri idi. İşğaldan sonra azad olunan digər bölgələr kimi Füzuli şəhərində də hər şeyin dağıdıldığı, viran qoyulduğu ortaya çıxdı. Ancaq Prezident İlham Əliyevin azad olunan torpaqların yenidən qurulmasına və abadlaşdırılmasına ciddi diqqət etməsi, bu işi şəxsi nəzarət altına alması həmin regionların yenidən dirçəlməsinə səbəb oldu. Heç də təsadüfi deyildir ki, Füzuli, Laçın şəhərindən sonra sakinlərinin geri qayıtdığı ikinci şəhər oldu. Laçında müəyyən qədər yaşayış binaları qalsa da, Füzuli tamamilə yerlə-yeksan edilmişdi. Bu gün biz orda gözəl yaşayış mənzilləri, istirahət məkanları və insanlarımız üçün iş yerləri inşa edirik. Yeni məktəb binası istifadəyə verilib.

"Tək Füzuli şəhəri deyil, eyni zamanda, rayonun digər kənd və qəsəbələrinin də bərpası planları hazırlanıb. Füzulinin bugünki mənzərəsi Azərbaycanın inkişafının, Azərbaycan xalqının özünün tarixinə, torpağına, öz varlığına bağlılığının bariz nümunəsidir. Füzuli rayonu həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda mübarizədə minlərlə şəhid verib, onların xatirəsi əbədiləşdirilib və övladları bu gün yenidən dirçəlmiş Füzuli şəhərinin dəyərli sakinləridirlər", - deyə Milli Məclisin deputatı əlavə edib.

Aydın Mirzəzadə bildirib ki, Şəhər günü münasibətilə füzuliləri ürəkdən təbrik edirəm. Bu gün münasibətilə mən, Füzulinin Yuxarı Abdurrahmanlı kəndindən olan, tələbə yoldaşım, gözəl insan Fəxrəddin Məmmədovu xatırlamasam olmaz. Öz kəndləri uğrunda gedən döyüşlərdə o axıra kimi mübarizə aparıb və Şəhidlik zirvəsinə yüksəlib. Ancaq təəssüflər olsun ki, onun nəşi tapılmayıb. Fəxrəddin Məmmədov kimi bu gün torpaq uğrunda canlarını fəda edənlərin ruhu çiçəklənən Füzuli var olduqca şaddır. Azərbaycan torpaqları getdikcə daha da inkişaf edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_