Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq göstərdilər - Elçin Quliyev

Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq göstərdilər - Elçin Quliyev

Bakı. TurkicWorld:

2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi.

TurkicWorld xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində deyib.

"İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi.

Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək, Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər",- deyə E.Quliyev əlavə edib.