İslamofobiya bəşəriyyətin inkişafına ən böyük maneədir - Aydın Mirzəzadə (ÖZƏL)

İslamofobiya bəşəriyyətin inkişafına ən böyük maneədir - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

İslamofobiya bəşəriyyətin inkişafına ən böyük maneədir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Çox təəssüf ki, Avropa ölkələrində hələ də islamofobiya, islam dininə qarşı aqressiv münasibət bəsləyənlər var. Hətta bu bəzi rəsmi şəxslərin dilindən də səslənir. Bu hal qətiyyən yolverilməz bir məsələdir. İnsanları, bəşəriyyəti dini etiqada görə bölmək, bəşəriyyətin inkişafına ən böyük maneələrdən biri hesab edilir. Digər tərəfdən, insanların hisləri ilə oynamağa dəyməz. Bu gün Avropada islami dəyərlərlə yaşayan insanlar olduğu kimi, o cümlədən İslam dünyasında da xristianlıq, iudaizm və bu kimi başqa dinlərə etiqad edən insanlar var, onların məbədləri var. Nədənsə, İslam ölkələrində heç bir vaxt digər dinlərin nümayəndələrinə, onların etiqadlarına heç bir mənfi, aqressiv münasibət yoxdur",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, hesab edirəm ki, Avropa dünyanın ən inkişaf etmiş, bu gün bəşəriyyət tarixinə müsbət töhfələr vermiş bir bölgə kimi bu cür hallara qarşı ciddi mübarizə aparmalıdır, bu dövlət səviyyəsində edilməlidir, ziyalıların çıxışlarında olmalıdır. Müxtəlif dini konfensiya nümayəndələrinin vaxtaşırı görüşləri təşkil edilməli, onlar bir-birilərinin dini tədbirlərində iştirak etməlidir.

"Azərbaycanda dinlərin harmoniyası, müxtəlif dinlərin sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılır. Bu cür şəraitin yaradılması Azərbaycanda dini tolerantlığın bir nümunəsidir ki, bizim ölkəmizi dünyada tanıdıb. İnanıram ki, Avropanın düşünən beyinləri, gələcəyə istiqamətlənən ideyaları, təfəkkür sahibləri islamofobiyanın genişlənməsinə və siyasətə qarışmasına imkan verməyəcəklər. Ən əsası öz hökumətlərindən bu məsələdə ümumvətəndaş prinsiplərinin qorunmasını həmişə tələb edəcəklər", - deyə Milli Məclisin deputatı əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_