Bakı. TurkicWorld:
Biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində etdiyi çıxışında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsd edən və onun daxili işlərinə qarışan mövqe sərgiləməsini qınayırıq.
Bu barədə TurkicWorld-ə Qərbi Azərbaycan İcmasından (QAİ) məlumat daxil olub.
Məlumatda bildirilir ki, nazir Mirzoyan Qarabağdakı keçmiş qanunsuz rejimin qalıqlarının kapitulyasiya bəyanatlarında da etiraf etdikləri kimi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz şəkildə yerləşdirilməsinə izahat vermək əvəzinə Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə imtina etməsi riyakarlıqdır. Xatırlatmaq istərdik ki, Azərbaycanın Qazax və Sədərək rayonlarının 8 səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır və o kəndlərin 10 minə yaxın əhalisi 30 ildir öz evlərinə qayıda bilmirlər:
" Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, oradan bir milyona yaxın azərbaycanlını qovmasına, 20 mindən artıq azərbaycanlı mülki şəxsi öldürməsinə, minə yaxın Azərbaycan şəhər və kəndini dağıtmasına görə daşıdığı cavabdehliyi qarşılamaq və barışıq üçün hələ də lazımi addımlar atmayıb.
Ermənistanın nazirinin Azərbaycanın Qarabağ bölgəsində guya humanitar problemlər olması barədə iddiası və oraya BMT-nin qurumlararası missiyasının göndərilməsi barədə təklifi ilə bağlı qeyd etmək istərdik ki, Ermənistanın atmalı olduğu addım Azərbaycana qarşı törətdiyi işğal, qətliam, etnik təmizləmə və dağıntılara görə məsuliyyəti üzərinə götürmək və Azərbaycan hökumətinin Qarabağda apardığı re-inteqrasiya və yenidən qurma işlərinə dəstək verməkdir.
BMT-nin qurumlararası missiyasının getməli olduğu ölkə isə Ermənistandır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması prosesinə yardım etmək üçün BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsi üçün biz hələ bu ilin aprel ayında BMT-nin Baş katibinə müraciət etmişik. Lakin Ermənistan hökuməti razılıq vermədiyi üçün missiyanın orada göndərilməsi hələlik mümkün olmayıb.
A.Mirzoyanın "Azərbaycan ordusunun və hüquq-mühafizə orqanlarının Qarabağdakı yaşayış məntəqələrindən geri çəkilməsi"nə, "BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi"nə çağırması olduqca məsuliyyətsiz və təhlükəli açıqlamadır. Özünün suverenliyini, ərazi bütövlüyünü, "qırmızı xətt"lərini daim qabardan Ermənistanın Azərbaycanı öz suveren ərazilərindən geri çəkilməyə çağırması bir daha rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddiasını, sadəcə bunu indi başqa ad altında pərdələməyə məcbur olmasını sübut edir. "BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələr" dedikdə yəqin ki erməni nazir Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərində yerləşdirilməsi kimi xam xəyalı nəzərdə tutur. Aydındır ki, bunu Avropa İttifaqı, Fransa, Almaniya kimi ölkələr A.Mirzoyanın çıxışına salıblar.
Ermənistan bilməlidir ki, Brüsseldə oturub boş-boş bəyanat verən Marina Kalyurand, Natali Luazo kimi səlibçilərə, Fransa, Almaniya, Litva, Estoniya kimi ölkələrə, Luis Okamponun cızmaqarasına, Snop Doqqun tvitinə arxalanıb Azərbaycana qarşı çirkin siyasətini davam etdirməklə sülhə nail olmaq olmaz.
A.Mirzoyanın çıxışı onu göstərir ki, daşnak və mağara təfəkkürlü erməni diplomatları bölgədə sülh və barışığa maneə olmaqla yanaşı, həm də Ermənistanın bu 30 il ərzində "baş tutmamış dövlət" olmasının əsas səbəbkarlarından biridir.
Demokratiyadan danışan erməni nazirə son günlər Ermənistanda baş verən vətəndaş müharibəsini, polis zorakılığını, kütləvi saxlanılmaları xatırladırıq.
Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qəsdini, onun daxili işlərinə qarışmağı dərhal dayandırmağı, Azərbaycanın işğal altında olan 8 kəndini azad etməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağı və bu məqsədlə, BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsinə razılıq verməyi tələb edirik".