Bakı. TurkicWorld:
Azərbaycanın regionla bağlı hüquqları nəzərə alınacaq və seperatçı rejim gec-tez tarixin səhnəsindən silinəcək.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
"Ermənistanın və Qarabağdakı seperatçı rejimin uzunmüddətli sərt müqavimətindən sonra onlar Azərbaycanın təklif etdiyi Ağdam-Əsgəran yolunun açılmasına razılıq verdilər. Əslində onlar buna məcbur oldular. Çünki Azərbaycan özünün suveren hüquqlarını qətiyyətlə müdafiə edirdi və həmin zonada yüklərin daşınmasının qarşılıqlı surətdə həm Laçın, həm də Ağdam-Xankəndi yolu ilə daşınmasının mümkünlüyünü bildirirdi. Sonda qarşı tərəf bunu qəbul etmək məcburiyyətində qaldı. Çünki bu, nəqliyyat xərcləri baxımından daha sərfəlidir, çünki qış fəslində Laçın yolunda hərəkət məhdudlaşır. Digər tərəfdən isə Azərbaycanın mövqeyi, tələbləri istər-istəməz nəzərə alınmalıdır",- deyə deputat qeyd edib.
Aydın Mirzəzadə vurğulayıb ki, bu gün beynəlxalq birlik həmin ərazini Azərbaycanın bir hissəsi hesab edir, həmin ərazi get-gedə daha çox Azərbaycanla reinteqrasiya olunmaq məcburiyyətindədir, digər tərəfdən Azərbaycanın təklifləri kifayət qədər sərfəlidir.
"Həmçinin, hiss edilir ki, orada yaşayan sadə erməni sakinlər bu gün Azərbaycanla əlaqə qurmaqda maraqlıdırlar.Seperatçıların siyasəti onlara çətin günlər, dünyadan təcrid olunma və Azərbaycanın Ermənistandan daha yüksək olan sosial vəziyyətindən kənarda qalmağa məcbur edir. Hesab edirəm ki, bundan sonra Azərbaycanın həmin regionla bağlı hüquqları nəzərə alınacaq və seperatçı rejim gec-tez tarixin səhnəsindən silinmiş olacaq"", - deyə Milli Məclisin deputatı əlavə edib.
Aytac Süleymanova
Twitter: a_alieva_