Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək - Kamaləddin Qafarov

Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək - Kamaləddin Qafarov

Bakı. TurkicWorld:

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələdə yüksək dinamika ilə inkişaf edir. Azərbaycan Prezidentinin cari il sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da bunu bir daha sübut edir.

TurkicWorld xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.

"Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Düşənbə Sammitində çıxış edən möhtərəm dövlət başçımız bu məqamları bir daha vurğuladı və bildirdi ki, ölkələrimizin otuz ildən artıq müddətdə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyəti, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir. Xatırladaq ki, Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci il martın 15-də isə "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb"

K.Qafarov qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud iqtisadi əməkdaşlığın əsasında nəqliyyat-logistika sahəsi dursa da, son illər bu əməkdaşlığın şaxələndirilməsi üçün möhkəm zəmin yaradılıb: "Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları da getdikcə artır. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir."

Millət vəkili Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: "Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayının 5-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə böyük töhfə olmuşdur. Dövlətimizin başçısının bu səfəri Tacikistanın Prezidenti tərəfindən də iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilmişdir. Hər iki ölkənin dövlət başçısı həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir. Ölkələrimiz arasında imzalanmış ikitərəfli sənədlər isə əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb edir".