Bakı. TurkicWorld:
Ombudsman bayrağımıza qarşı hörmətsizlik etdikləri üçün saxlanılan erməni futbolçularla görüşündən danışıb.
TurkicWorld-in məlumatına görə, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, hər zaman olduğu kimi Azərbaycan öz öhdəliyinə götürdüyü bütün norma və prinsiplərə riayərt edir və buna uyğun hərəkət edir.
"Onlar Azərbaycan hökumətinə öz dərin təşəkkürlərini bildirdilər və əməllərinə görə peşmandırlar. Onların sözlərinə görə, onları bu əməli törətməyə böyükləri, klubun rəhbərliyi və məşqçiləri məcbur edib.
Bu Azərbaycanfobiya siyasətinin həyəta keçirilməsinin bir daha bariz göstəricisidier. Biz bunu hər zaman kolleqalarımızın nəzərinə çatdırırıq. Təəssüf ki, bu hallar davam edir", - deyə Ombudsman əlavə edib.
Xatırladaq ki, 28 avqust tarixində Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib.
Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.