Bakı. TurkicWorld:
Fransa dərk edir ki, Azərbaycan olmadan bölgədə baş verən problemlərin həlli yoxdur.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
"Fransa həmişə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini açıq şəkildə müdafiə edib. O cümlədən, Vətən müharibəsində, ondan sonrakı dövrdə də Ermənistandan çox Ermənistanlıq etməyə çalışıb. Fransa prezidenti Makronun ayrı-ayrı çıxışlarında da Azərbaycan əleyhinə fikirlər bariz şəkildə özünü göstərir və bununla belə hətta Fransa kimi ermənipərəst bir ölkə rəhbəri dərk edir ki, Azərbaycan olmadan bölgədə baş verən problemlərin həlli yoxdur. Dərk edir ki, Azərbaycan öz suveren hüquqlarını qətiyyətlə müdafiə edir və ona hər hansısa bir təzyiq göstərmək mümkün deyildir. Ancaq Azərbaycanla razılaşmaq, fikirlərini nəzərə almaq və Azərbaycanın mövqeyinə uyğun hərəkət etmək lazımdır",- deyə deputat qeyd edib.
Aydın Mirzəzadə vurğulayıb ki, təsadüfi deyildir ki, vaxtaşırı Azərbaycan əleyhinə olan bəyanatlarına və fəaliyyətlərinə baxmayaraq, Fransa prezidenti öz təşəbbüsü ilə Azərbaycan prezidenti ilə əlaqə saxlayıb, bu gün Qarabağ iqtisadi zonamızda yaşayan erməni sakinlərlə bağlı fikir mübadiləsi aparıb.
"Cənab prezident İlham Əliyev çox düzgün olaraq, bu məsələlərin Azərbaycanın suveren hüququ olduğu, ancaq Azərbaycanın mövqeyi və razılığı olmaqla bu tip məsələlərin həll olmasını Fransa prezidentinin diqqətinə çatdırıb. Ermənistanın bu gün siyasi və hərbi təxribatlarla məşğul olduğu Laçın dəhlizi məsələsini Azərbaycanın suverenliyindən çıxararaq bir spekulyasiya mövzusuna çevirmək barəsində ölkəmizin mövqeyini Makronun nəzərinə çatdırıb. Çox düzgün olaraq bildirilib ki, bölgənin humanitar məsələləri ancaq Azərbaycan ərazisindən konkret olaraq, Ağdam-Əsgəran yolu ilə həll edilə bilər", - deyə Milli Məclisin deputatı əlavə edib.
Aydın Mirzəzadə bildirib ki, təsadüfi deyil ki, Azərbaycan dünən 40 ton un məmulatlarını həmin ərazidə yaşayan insanlar üçün gündərib. Məlum oldu ki, həmin insanlar yardımı qəbul etmək istəmir və bu heç də humanitar böhran yaşayanların hərəkətinə oxşamır.
"Makron və Ermənistan bu gün Laçın dəhlizinin ancaq onların şərtlərinə uyğun olaraq açılmasını təkid edirlər. Bu isə mümkün deyil. Birincisi, Laçın dəhlizi açıqdır. Gündəlik verilən video-xülasələrdə biz erməni sakinlərinin oradan rahat keçdiyinin şahidi oluruq. Digər tərəfdən isə əlavə nələrinsə edilməsi məsələsinə ancaq Azərbaycanın mövqeyi nəzərə alınmaqla, suveren hüquqlarımız pozulmamaq şərti ilə həll etmək olar. Həm Fransa prezidenti, həm də dünya yenidən Azərbaycanın öz mövqeyini qəti şəkildə müdafiəsinin şahidi oldular",- deyə Aydın Mirzəzadə qeyd edib.
Aytac Süleymanova
Twitter: a_alieva_