Bakıdan yola salınan 40 ton humanitar yardım Ağdam-Xankəndi yoluna çatıb

Bakıdan yola salınan 40 ton humanitar yardım Ağdam-Xankəndi yoluna çatıb

Ağdam. TurkicWorld:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb.

TurkicWorld-un xəbər verir ki, humanitar yardım bu gün səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.

Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.

Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir.