Ağdam. TurkicWorld:
Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiya keçirilir.
TurkicWorld xəbər verir ki, sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edir.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.