Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı səfiri ilə görüşüb

Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı səfiri ilə görüşüb

Bakı. TurkicWorld:

Bu gün Azərbaycanın Rusiyadakı Səfiri, diplomatik korpusun duayeni Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

TurkicWorld xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ən yüksək səviyyəli əlaqələrdən, iki dövlətin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, o cümlədən Rusiyadakı səfirlikləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın birgə səylərinin mühüm rolu məmnuniyyətlə qeyd olunub.

Polad Bülbüloğlu vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Rusiyadakı Səfirliyi hər zaman Azərbaycanın Səfirliyinə mənəvi dəstək olmuş, sözügedən müharibənin hər bir çətin və şərəfli gününü bizimlə birgə yaşayıblar.

Səfir türkiyəli həmkarına minnətdarlığını bildirərək gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Qəbula görə təşəkkürünü bildirən Mehmet Samsar, Türkiyə xalqının Azərbaycanın uğurlarına sevindiyini və xalqlarımız arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.