Ermənistanda metallurgiya zavodunun tikintisinin ətraf mühitə təsiri barədə ictimaiyyət məlumatlandırılmalıdır - ABŞ-dan rəy

Ermənistanda metallurgiya zavodunun tikintisinin ətraf mühitə təsiri barədə ictimaiyyət məlumatlandırılmalıdır - ABŞ-dan rəy

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə Arazdəyən kəndində yerləşən metallurgiya zavodunun tikintisinə diqqəti cəlb edə və onun ətraf mühitə potensial təsirləri barədə məlumatlılığı artıra bilər.

Bu sözləri TurkicWorld-ə Vaşinqton və Li Universitetindən (ABŞ) olan aktivist-ekoloq Məryəm Daneş bildirib.

"Beynəlxalq ictimaiyyət ekoloji davamlılığa böyük əhəmiyyət verir və ətraf mühitin korlanmasına səbəb olan layihələri mənfi qarşılayır. Ölkələr arasında iqtisadi inkişafı ekoloji baxımdan balanslaşdırmaq və davamlı həll yollarını axtarmaq çox vacibdir", - deyə M.Daneş bildirib.

Bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına gəlincə, Məryəm Daneş qeyd edib ki, yerli sakinlərə təsirin müəyyən edilməsi üçün hərtərəfli qiymətləndirmə aparılmalıdır.

"Ətraf mühitin çirklənməsi həqiqətən insan sağlamlığına və rifahına mənfi təsir göstərir. Belə hallarda insan hüquqlarının qorunması vacibdir. Ətraf mühitin çirklənməsi ilə bağlı beynəlxalq konvensiyaların pozulmasının qarşısını almaq üçün ölkələr mövcud qaydalara - ətraf mühitə olan təsirin qiymətləndirilməsi və bu təsirlərin azaldılması istiqamətində tədbirlərin görülməsi - əməl etməlidir. Şəffaflıq, hesabatlılıq və effektiv icra mexanizmləri bu konvensiyalara riayət etmək üçün əsasdır", - deyə, ekspert əlavə edib.

Qeyd edək ki, sözügedən zavod 16 500 kvadratmetr ərazini əhatə edir və illik istehsal gücünün 180 min ton olacağı gözlənilir.