Son dəqiqə

PKK Can Acun

Erməni separatçılar Qarabağda Yaxın Şərqdəki terror təşkilatlarının taktikasını istifadə edir

Bakı, TurkicWorld:

Qarabağdakı separatçılar tərəfindən intensivləşən hərbi fəaliyyətlərdə, yetkinlik yaşına çatmayan erməni uşaqlarından istifadə edilməsi hallarının görüntüləri, son günlər sosial şəbəkələrdə məhz separatçılar tərəfindən aktiv şəkildə paylaşılmaqdadır.

TurkicWorld media platforması olaraq, bu məsələni gündəmdə saxlayacağımızı bildirmişdik və uşaq və yeniyetmələrin hərbi təlimlərdə iştirakına göz yuman beynəlxalq təşkilatları (UNICEF, Human Rights Watch, Amnesty International, International Committee of the Red Cross), Ermənistan tərəfinə etiraz bildirməyə çağırmışdıq.

Aktuallığını qoruyub saxlayan bu məsələ ilə bağlı TurkicWorld-a açıqlama verən misirli, müstəqil tədqiqatçı, Cənubi Qafqaz üzrə ekspert Əbdül-Həmid Qutub bildirib ki, beynəlxalq hüquqa əsasən, yeniyetmə və uşaqların hərbi təlimlərə və münaqişələrə cəlb edilməsi cinayətdir.

“Yeniyetmə və uşaqları hərbi təlimlərə və münaqişələrə cəlb edən istər dövlətlər, istərsə də şəxslər istisnasız olaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Lakin əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, modern dünyamızda belə, bəzi dövlətlərin və ya onlara bağlı olan qrupların bu və ya digər şəkildə “milli müqavimət” adı altında yeniyetmələri, eləcə də, uşaqları hərbi təlimlərə cəlb etdiyini görürük. Ermənistanın, eləcə də Qarabağdakı separatçıların uşaqları hərbi təlimlərə cəlb etməsi onu göstərir ki, onlar üçün beynəlxalq qanunların heç bir əhəmiyyəti yoxdur. Buna göz yuman Ermənistana gəldikdə isə, bir daha sübut olundu ki, artıq Ermənistan beynəlxalq hüquqa məhəl qoymur” , – deyə o bildirib.

Ekspert onu da qeyd edib ki, erməni separatçılarının uşaqlar üçün təşkil etdiyi hərbi təlimlərdə PKK terrorçularının iştirakı və eləcə də bu terrorçuların İkinci Qarabağ müharibəsində Azərbaycan ordusuna qarşı vuruşduğuna dair məlumatlar var.

“Qarabağdakı separatçıların uşaqları hərbi təlimlərə cəlb etməsini, Yaxın Şərqdəki terrorçu qruplarla eyniləşdirmək olar. Belə ki, Yaxın Şərqdə, Livan, Suriya, İraq və Yəməndə də İrana bağlı bir çox radikal, dini qruplar, marjinal xristian qruplar, eləcə də PKK/PYD terror təşkilatları uşaqları hərbi təlimlərə cəlb edirlər. Bunları sübut edən kifayət qədər sənəd, foto və video görüntülər var”,- deyə misirli ekspert qeyd edib.

İşid terror təşkilatının uşaq döyüşçüləri PKK terror təşkilatının yeniyetmə uşaqlardan ibarət qruplaşması
Onun sözlərinə görə, istər Ermənistanın, istərsə də Qarabağdakı separatçıların Yaxın Şərqdəki terrorçuların metodundan istifadəsi, onlar üçün beynəlxalq qanunun heç bir dəyərinin olmamasından irəli gəlir.

Qutub hesab edir ki, Qarabağdakı separatçıların və eləcə də Ermənistanın hədəfi təkcə Azərbaycan deyil, eyni zamanda Türkiyədir.

“Türkiyə və Azərbaycan erməni separatizminin ortaq hədəfidir və bu heç kimə sirr deyil. Təbii ki, bu halda Qarabağdakı separatçılar və Ermənistandakı revanşistlər ilə PKK terrorçuları arasında ciddi əlaqənin olduğunu görə bilərik. Belə ki, Türkiyə və eləcə də Suriya ərazisində zərərsizləşdirilən PKK terrorçularının arasında erməni əsillilərin olduğu faktları var”, - deyə o bildirib.

Ekspert hesab edir ki, separatçıların uşaqları hərbi təlimlərə cəlb etməsinin məntiqi izahı odur ki, onlar bölgədə sülh istəmirlər.
Şəkil 2022-ci ilin oktyabr ayında POGA təşkilatı tərəfindən keçirilən təlimlərdən çəkilib.

“Ermənistan hakimiyyətinin və qərbdəki bəzi dairələrin, xüsusən də erməni diasporasının vədlərinə arxayın olan Qarabağ separatçıları yeni müharibəyə hazırlaşır. Bunun üçün Livan, Misir, Suriya kimi bəzi ölkələrdə “Xristian həmrəyliyi həftələri” çərçivəsində etnik ermənilərin arasında Azərbaycan və Türkiyə əleyhinə təbliğatlar aparılır. Hədəf, yeni müharibə üçün “əsgər” toplamaqdır. Erməni diasporunun əsas hədəfi isə Azərbaycan tərəfindən həll olunan problemi, “Dini” müstəvidə yenidən qaldırmaqdır. Erməni tərəfinin Yaxın Şərqdə apardığı bütün təbliğatlar, dini zəmindədir və xristian həmrəyliyini təbliğ edir”, - deyə Qutub bildirib.

Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) siyasi eksperti Can Acun da hesab edir ki, Ermənistanın Qarabağda uşaqları hərbi fəaliyyətə cəlb etməsi, insan və uşaq hüquqlarına qarşı hərbi cinayətdir.

“Uşaqları nizami orduya cəlb etmək qətiyyən yolverilməz olsa da, bu, terror təşkilatlarının fəaliyyəti üçün yad olmayan bir haldır. İŞİD, PKK kimi terror təşkilatları fəaliyyətlərini, yalnız uşaqları öz sıralarına cəlb etməklə cəmiyyətlərdə xaos, kin və nifrət yaradacaq şəkildə davam etdirə bilərlər”, - deyə Acun TurkicWorld - a bildirib.
Acunun sözlərinə görə, erməni tərəfinin buna cəhd etməsi çox ağır cinayətdir və beynəlxalq qurumlar tərəfindən cəzalandırılmalıdır.

Mövzuya görə xəbərlər