Heç bir qüvvə və ya xarici güclü dövlət Azərbaycanı öz torpaqlarını Ermənistana güzəştə getməyə məcbur edə bilməz - Aydın Mirzəzadə (ÖZƏL)

Heç bir qüvvə və ya xarici güclü dövlət Azərbaycanı öz torpaqlarını Ermənistana güzəştə getməyə məcbur edə bilməz - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Heç bir qüvvə və ya xarici güclü dövlət Azərbaycanı öz torpaqlarını Ermənistana güzəştə getməyə məcbur edə bilməz.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Keçmiş Dağlıq Qarabağ problemi Ermənistanın boynundan ağır bir daş kimi asılıb və o bundan xilas olmağa çalışır. Amma bu problemin sivil, beynəlxalq normalara uyğun həlli yollarını tapa bilmir. Hələ də Ermənistanın həm hakimiyyət, həm müxalifət dairələrinin beynində "Böyük Ermənistan", Azərbaycan torpaqlarına iddia yaşayır. Ermənistan Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətə uğradığını bilir və hərdən bunu etiraf da edir. Ancaq hələ də möcüzə gözləyirlər ki, hansısa bir qüvvə və ya güclü xarici dövlət Azərbaycanı öz torpaqlarını Ermənistana güzəştə getməyə məcbur edəcək. Ancaq bu heç vaxt mümkün olmayacaq",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlara malikdir, sərhədlərini qoruyur, daxili məsələlərini özü tədricən həll edir. Baxmayaraq ki, Ermənistan bizim torpaqları 30 il işğal altında saxlayıb, bizə böyük zərbələr vurub, ərazilərimizdə dağıntılar törədib, amma Azərbaycan Ermənistana beynəlxalq hüquq normalarına əsaslanan qonşuluq təklif edir.

"Ermənistan tərəfi ara-sıra bununla razılaşsa da, amma tez-tez qərarlarında irəli-geri hərəkət etməyə yol verir. Bununla belə, nə etməsindən asılı olmayaraq, Ermənistan Azərbaycanla qonşuluq münasibətləri qurmağa məcburdur, ədalətli prinsiplərlə bizimlə sülh müqaviləsi bağlamağa məcburdur. Bu onun üçün həyati məsələdir. Cənab Prezident İlham Əliyev bildirdiyi kimi, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamasa da, biz bunsuz yaşaya biləcəyik, amma Ermənistan yaşaya bilməyəcəyik. Əhalisi ölkəni tərk edir, iqtisadiyyatına investisiya qoyan yoxdur, Ermənistan dünya üçün cəlbedici bir ölkə deyil. Azərbaycanın apardığı siyasət gec-tez öz nəticəsini verəcək", - deyə Milli Məclisin deputatı əlavə edib.