Trend BİA-nın direktor müavini Rufiz Hafizoğlunun məqaləsi Türkiyə mediasında yayımlanıb

Trend BİA-nın direktor müavini Rufiz Hafizoğlunun məqaləsi Türkiyə mediasında yayımlanıb

Bakı. TurkicWorld:

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktorunun müavini Rufiz Hafizoğlunun Türkyədəki seçkilərlə bağlı məqaləsi Türkiyənin nüfuzlu "Yeni Şafak" gündəlik qəzetində dərc edilib.

TurkicWorld-un məlumatına görə, məqalədə deyilir:

"Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkilərin nəticələri isə artıq hamı üçün aydındır.

Birinci turda aralarında "liberallar", "islamçılar", "demokratlar" və "milliyyətçilər"in də olduğu bütün müxalifət Qərbdəki sahiblərinin diqtəsi ilə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı vahid siyasi ittifaqda birləşsə də, qalib gələ bilmədi.

Başqa cür ola da bilməzdi, çünki Ərdoğana qarşı vahid ittifaqda çıxış edən siyasi şəxslərin heç biri siyasi xarizmaya malik deyil. Seçkilərdə Ərdoğanın birbaşa rəqibi, bəzi alman kütləvi media vasitələri "Ərdoğana meydan oxuyan adam" kimi qələmə verdiyi Kemal Kllıçdaroğlunu isə Türkiyədə siyasətdə uğursuz adam hesab edirlər. Bununla belə, müxalifət ittifaqı seçkilərin gedişatını elə təqdim etdi ki, sanki Kılıçdaroğlu artıq Türkiyənin yeni prezidentidir.

Müxalifətin bütün təxribatlarına baxmayaraq, zəlzələdən əziyyət çəkmiş bütün bölgələrin demək olar ki, hamısında Ərdoğana səs verilməsi faktı xalqın ona sevgisini bir daha sübut edir. Qeyd etmək lazımdır ki, parlament seçkilərində də Türkiyə liderinin partiyası seçiçi səslərinin əksəriyyətini - 49,47 fazini qazanıb, səslərin yerdə qalan 50,53 faizi isə 15 partiya arasında bölüşdürülüb.

Ərdoğanı müxalifət rəhbəri ilə müqayisə etmək yersiz olardı, lakin əsas fərqləndirici məqamlardan birini qeyd etmək lazımdır: digərləri siyasi spekulyasiyalarla məşğul olduğu vaxtda Ərdoğan ölkəsinin gələcəyi üçün layihələr üzərində işləyirdi. Türkiyədə bütünlükdə Ərdoğanın liderliyi altında 600-dan çox layihə həyata keçirilib ki, bunların arasında meqa layihələr də az deyil. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

- TANAP (Trans-Anadolu qaz boru kəməri) – Azərbaycanla birgə

- Akkuyu atom elektrik stansiyası – Rusiya ilə birlikdə,

- "Türk axını",

- "MİLGEM" layihələrinin hazırlanması (milli gəmilərin inşası), LHD (çoxməqsədli desant gəmisinin inşası), "LST" (amfibiya gəminin inşası) "MOSHIP" (sualtı xilasedici qayığın inşası).

- TCG ANADOLU desant gəmisi,

- İstanbul Hava Limanı,

-10-a yaxın əyalətdə hava limanları,

-" HÜRJET" hərbi təlim təyyarəsi,

- "TOGG" yerli avtomobil,

- 500 min sosial ev,

- Milli Kosmik Agentlik,

- Ayın tədqiqi üzrə Milli Agentlik,

- milli qırıcı (MMU),

- Bayraktar TB2 - Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı pilotsuz uçuş aparatı,

- Anka və Aksungur pilotsuz uçuş aparatları,

- yerli dəniz radarları (AESA),

- yerli istehsal olan pasportlar,

- İstanbulda ümumdünya maliyyə mərkəzi,

- TURKOVAC – yeni növ koronavirusa qarşı vaksin (COVID-19),

- "Sakarya" yatağından Qara dəniz qazı,

- Cudi və Qabarda neft quyularının işlənməsi.

Bütün bunlar Prezident Ərdoğanın rəhbərliyi altında həyata keçirilən meqalayihələrin yalnız kiçik bir hissəsidir.

Bunlar hamısı ondan xəbər verir ki, Ərdoğanın sözü onun ölkə üçün meqa layihələridir, ona qarşı istənilən siyasi ittifaq isə qu quşu, durna balığı və xərçəngin məlum ittifaqından başqa bir şey deyil"