Azərbaycan Ermənistan Aydın Mirzəzadə Brüssel

Cənubi Qafqazda sülhün bərqərar olması bu gün dünya siyasətində bir çox məsələlərin düyününün açılmasına kömək edəcək - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Cənubi Qafqazda sülhün bərqərar olması bu gün dünya siyasətində bir çox məsələlərin düyününün açılmasına kömək edəcək.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Azərbaycan-Ermənistan liderləri arasında 14 May tarixində Brüsseldə keçirilən görüş yenə dünya siyasətinin diqqətini cəlb edib. Çünki Cənubi Qafqazda sülhün bərqərar olması bu gün bir çox məsələlərin düyününün açılmasına kömək edəcək. Region təbii ehtiyatlarla zəngindir, beynəlxalq nəqliyyat xətlərinin keçdiyi bir bölgədir. Həmçinin bu gün Azərbaycanın artan nüfuzu, Azərbaycanla daha çox layihələrin qurulmasına marağı artırır", - deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, çox təəssüf ki, əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də konkret nəticələr əldə etmək mümkün olmadı. Hələ də Ermənistan normal qonşuluq münasibətlərinin qurulması prinsipi ilə razılaşmır. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmadığını nümayiş etdirir, sözdə sülhə razılıq versə də faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir.

"Ermənistan bizim daxili işlərə qarışmaq istəyir və Qarabağda yaşayan azsaylı erməni icması üçün xüsusi status tələb edir. Ölkəmizin başçısı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, heç kəs Azərbaycanın daxili işlərinə qarışa bilməz. Qarabağda yaşayan erməni icmasının isə hüquqlarının digər vətəndaşlarımız kimi təmin edilməsinə zəmanət verilir. Brüssel görüşündə müəyyən məsələlər üzrə razılıq əldə olunsa da, tam razılıq əldə olunmayıb. Mayın 19-da Moskvada Azərbaycan Xarici işlər naziri ilə Ermənistan Xarici işlər nazirinin görüşü planlaşdırılır", - deyə Milli Məclisin deputatı əlavə edib.

Mövzuya görə xəbərlər