Bakı. TurkicWorld:
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə quruculuq işləri geniş vüsət aldı.
TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
S.Qafarova deyib ki, artıq həmin dövrdə gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı.
"O zaman sosial sahədə də bir çox islahatlar aparılırdı. Ümummilli Lider xarici iqtisadi əlaqələri uğurla idarə edən rəhbər idi. Bir sıra vacib qərarların qəbul edilməsində xüsusi rol oynayıb", - deyə o qeyd edib.
Spiker bildirib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. "Sabitliyin, təhlükəsizliyin təmin edilməsi neft strategiyasının həyata keçirilməsinə imkan verdi, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyuldu. Neft ehtiyatlarından səmərəli istifadə üçün Neft Fondu yaradıldı, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirildi. Elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının həyata keçirilməsinə başlandı.
Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətindən danışmaq çətin olardı", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.