BAKI,TurkicWorld
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi iyulun 30-da Ər-Riyadda krallığın irəli sürdüyü çoxtərəfli müdafiə dəniz alyansının yaradılması təşəbbüsünə həsr olunmuş beynəlxalq toplantı keçirib.
TurkicWorld xəbər verir ki, görüşdə 43 ölkədən Baş Qərargah rəisləri və nümayəndələr, həmçinin Avropa İttifaqının nümayəndəliyi iştirak edib. Toplantının məqsədi beynəlxalq dəniz marşrutlarının təhlükəsizliyinin gücləndirilməsi, naviqasiya azadlığının qorunması və qlobal ticarəti hədəf alan təhdidlərə qarşı birgə müdafiə mexanizmlərinin formalaşdırılması olub.
Bildirilib ki, iştirakçılar dəniz təhlükəsizliyinə yönələn təhdidlər, ticarət gəmilərinə hücumlar, kritik dəniz infrastrukturu və qlobal təchizat zəncirlərinin qorunması məsələlərini ətraflı müzakirə ediblər.
Görüşdə alyansın nizamnaməsi, idarəetmə strukturu, komandanlıq sistemi, gələcək fəaliyyət planı və üzv dövlətlər arasında koordinasiya mexanizmləri ilə bağlı layihələr nəzərdən keçirilib.
Müzakirələr zamanı Səudiyyə Ərəbistanının alyansın qərargahına və rəhbərliyinə ev sahibliyi etməsi barədə ilkin razılıq əldə olunub. Təşəbbüsün Qırmızı dəniz, Ədən körfəzi, Bab əl-Məndəb boğazı və digər strateji dəniz marşrutlarında təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Toplantının yekununda hərbi planlaşdırıcıların alyansın yaradılması ilə bağlı hüquqi və təşkilati prosedurları başa çatdırmaq üçün işlərini davam etdirməsi barədə razılıq əldə olunub. Bu prosesə alyansın yekun sənədlərinin hazırlanması, iştirakçı ölkələrin daxili prosedurlarının tamamlanması və rəsmi təsis mərhələsinin həyata keçirilməsi daxildir.
Səudiyyə Ərəbistanı bəyan edib ki, təşəbbüs beynəlxalq dəniz təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş açıq platformadır və onun məqsədi dövlətlər arasında əməkdaşlığı genişləndirmək, dəniz yollarında təhlükəsizliyi təmin etmək və qlobal ticarətin fasiləsizliyini qorumaqdır.







