BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp ticarət məsələlərini müzakirə etmək üçün Çin rəhbərliyinin zəngini gözlədiyini bildirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Tramp Truth Social platformasında bildirib.
Ağ Evin rəhbəri qeyd edib ki, o, Cənubi Koreyanın vəzifəsini icra edən prezidenti və Baş naziri Han Dok Su ilə telefon danışığı aparıb və tərəflər ticarət əməkdaşlığını müzakirə ediblər. Tramp, Çin rəhbərliyinin də saziş bağlamaq istədiyini bildirib.
"Çin də saziş bağlamaq istəyir, çox istəyir, amma haradan başlayacağını bilmir. Biz onların zəngini gözləyirik. Bu baş verəcək", - deyə ABŞ prezidenti qeyd edib.
Xatırladaq ki, 2 aprel tarixində Tramp 185 ölkə və ərazidən gətirilən mallara gömrük rüsumları tətbiq etdiyini elan etmişdi. Rusiya bu siyahıya daxil edilməyib. Çinlə bağlı rüsumlar 34% səviyyəsində müəyyən olunub.
Buna cavab olaraq, Çin hakimiyyəti 10 aprel tarixindən etibarən ABŞ-dan idxal edilən bütün məhsullara əlavə 34%-lik gömrük rüsumları tətbiq edəcəklərini açıqlayıb.
Tramp isə bəyan edib ki, əgər Çin öz cavab rüsumlarını ləğv etməzsə, 9 aprel tarixindən etibarən Çin mallarına əlavə 50%-lik rüsum tətbiq olunacaq.