ABŞ Almaniya

Almaniyada ABŞ-a qarşı etiraz aksiyaları keçirilib

BAKI, TurkicWorld

Almaniyanın əksər şəhərlərində ABŞ-ın orta və kiçik mənzilli raketlərini Almaniya ərazisində yerləşdirmək planlarına qarşı etiraz aksiyaları keçirilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Wiesbadener Kurier qəzetində məlumat verilib.

Məlumata əsasən, Almaniyanın Hessen əyalətindəki Visbaden şəhərində keçirilən aksiyada təxminən min nəfər iştirak edib və nümayiş sülh yolu ilə keçirilib.

Aksiya zamanı, aktivistlər həmçinin Almaniya Silahlı Qüvvələrinin yenidən silahlanmasına qarşı çıxıblar.

Aksiyanın iştirakçıları əllərində silahlanmaya qarşı şüarlar yazılmış plakatlar tutaraq beynəlxalq həmrəyliyə çağırıblar.

Aksiyalar Berlin şəhərində də keçirilib. Onlarla insan Almaniyanın paytaxtının mərkəzində - Brandenburq qapısının yaxınlığında, ABŞ-ın Almaniyadakı səfirliyi önündə etiraz edib.

Xatırladaq ki, keçən il iyulun 10-da ABŞ və Almaniya birgə bəyanat yayaraq, 2026-cı ildən etibarən Vaşinqtonun Almaniya ərazisində raketlərin yerləşdirəcəyini açıqlayıb. Bu raketlərin Visbaden şəhərindəki hərbi bazadan idarə ediləcəyi planlaşdırılır.

Mövzuya görə xəbərlər