BAKI,TurkicWorld
İran Prezidenti Məsud Pezeşkiyan, ölkənin ciddi su böhranı ilə üz-üzə qaldığını və enerji çatışmazlığı səbəbindən elektrik kəsintilərinin baş verdiyini açıqlayaraq xalqdan üzr istəyib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Tehranda 17 milyard dollar dəyərində enerji sərmayəsi layihəsinin imza mərasimində çıxış edən Pezeşkiyan, ölkənin enerji böhranına toxunub.
O, enerji sektorunda həddindən artıq və qeyri-səmərəli istifadənin cəmiyyətin əsas problemlərindən biri olduğunu bildirib və bu məsələnin səmərəli idarəetmə və xalqın iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Pezeşkiyan, keçən qışın İran üçün çətin keçdiyini qeyd edib.
"Tankerlərimizdəki qaz ehtiyatları elektrik stansiyalarının tələbatını ödəməyə kifayət etmirdi. Lakin, Neft və Enerji Nazirliklərinin dəyərli əməkdaşlarının böyük səyləri sayəsində istehsal artırıldı və bu çətin dövr qismən də olsa arxada qaldı",- deyə o bildirib.
Prezident Pezeşkiyan, İranda quraqlıq və həddindən artıq su istifadəsi səbəbindən ölkənin ciddi su böhranı yaşadığını açıqlayıb.
"Hal-hazırda şiddətli su böhranı içindəyik. Əgər sudan düzgün istifadə etməsək, böyük problemlərlə üzləşəcəyik. Bu problemi həll etmək üçün su istehlakını optimallaşdıran kampaniyalara ehtiyacımız var", – deyə o vurğulayıb.