Bakı, TurkicWorld
İsrailin hücumlarının davam etdiyi Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində 10 yaşdan kiçik uşaqlar üçün poliomielit peyvəndi kampaniyasına başlanılıb.
TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Qeyd edilib ki, Fələstin Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNİCEF) və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) əməkdaşlığı ilə sentyabrın 12-dək poliomielit əleyhinə peyvənd kampaniyasının davam edəcək.
"Biz poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başladıq. Kampaniya ilə biz Qəzza zolağının şimaldan cənuba bütün şəhərlərində uşaqların 90 faizindən çoxunu əhatə etməyi hədəfləyirik.” – deyə Peyvənd Kampaniyası Texniki Komitəsinin sədri Mecdi Zuheyr bildirib.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik avqustun 23-də Qəzzada su və kanalizasiya problemi səbəbindən gigiyena probleminin pik həddə çatdığını və bölgədə "son 25 ildə ilk dəfə" poliomielit xəstəliyinin aşkar edildiyini qeyd edib.
Hafiz Rufizoğlu