Bakı,TurkicWorld
Kriptovalyuta bazarı ABŞ-da keçirilən prezident seçkiləri və Amerika Federal Ehtiyat Sisteminin faiz qərarı ilə bağlı hadisələrə görə istiqamətini müəyyən etməyə çalışır.
TurkicWorld xəbər verir ki, son zamanlar kriptovalyuta bazarında aktiv bir proses müşahidə edilir. İyulun sonunda 70 min dollar səviyyəsinə çatan bitkoin, FED-in faiz dərəcələrini sabit saxlaması və ABŞ-da işsizliyin son illərin ən yüksək səviyyəsinə çatması ilə ucuzlaşmağa başlayıb.
Ölkədə iqtisadi fəallığın gözləniləndən daha kəskin şəkildə yavaşlaya biləcəyi ilə bağlı narahatlıq satış təzyiqinin dərinləşməsinə səbəb olub.
ABŞ iqtisadiyyatının tənəzzülə girəcəyi ilə bağlı narahatçılıqlar və qlobal səhm bazarlarındakı kəskin enişlər səbəbiylə Bitcoin-də dəyər itkisi 20%-ə çatarkən, Bitcoin keçən həftə 50 min dollar səviyyəsindən də aşağı düşdü.
Sonrakı günlərdə tənəzzüllə bağlı narahatlıqlar azaldıqca qlobal bazarlar bərpa olundu və kriptovalyuta bazarı itkilərinin bir hissəsini kompensasiya edə bildi.
Türkiyə Kadir Has Universitetinin Yeni Media Departamentinin müəllimi İsmail Hakkı Polat, ABŞ-dakı tənəzzül narahatlıqları və Yaponiya Bankının (BoJ) faiz artırmasının ardından kriptovalyutaların son həftələrdə digər investisiya alətlərindən daha çox dəyər itirdiyini söyləyib.
Rusiyanın kriptovalyuta mədənçiliyini leqallaşdırdığına diqqət çəkən Polat, bu vəziyyətin Donald Trampın “ABŞ-ı kriptovalyutaların mərkəzinə çevirmək” vədi ilə ziddiyyət təşkil edə biləcəyini bildirib.
Polat, "Rusiya Bitcoin və kriptovalyutaların istehsalı və idarə edilməsində söz sahibi olmaq istəyir. Trampın "Kripto ekosisteminin lideri olacağıq" ifadəsini nəzərə alsaq, xüsusilə Bitcoin və kriptovalyutalarda dövlətlərarası rəqabətin başlaya biləcəyini söyləmək olar.",- deyə ifadə edib.
Kriptovalyuta ekosisteminin yüksək volatilliyə malik olduğunu xatırladan Polat, təcrübəsiz investorları risklərə qarşı da xəbərdar etdi.