Bakı. TurkicWorld :
ABŞ-ın Nyu Meksiko ştatında davam edən meşə yanğınlarını söndürmək üçün həftə sonu gözlənilən yağışa ümid bağlanıb.
TurkicWorld xəbər verir ki, ABŞ Milli Hava Xidmətinin (NWS) məlumatına görə, xüsusilə ABŞ-ın cənub-qərbindən gələn isti dalğası nəticəsində Nyu Meksiko ştatında başlayan meşə yanğınları davam edir.
Nyu Meksiko ştatının Ruidoso kəndi və ətrafında davam edən və minlərlə insanın təxliyyə edilməsinə və 1 nəfərin ölümünə səbəb olan yanğının söndürülməsi ümidi ilə həftənin sonuna doğru yağışın yağacağı gözlənilir.
NWS tərəfindən verilən məlumatda, cümə axşamı və cümə günləri Ruidoso bölgəsində yağacağı gözlənilən yağışın yanğının söndürülməsinə kömək edə biləcəyi ifadə edilib.
Fırtına Proqnoz Mərkəzi tərəfindən verilən açıqlamada, Nyu Meksiko ştatının çox hissəsində yüksək yanğın riski ilə bağlı xəbərdarlıq edilib həmçinin həddindən artıq quru hava və yüksək temperaturun yanğınların sürətlə artmasına səbəb olduğu ifadə olunub.
Meşə yanğınları səbəbiylə fövqəladə vəziyyət elan edilən Nyu Meksiko, ABŞ-da “fövqəladə quraqlıq” yaşandığı düşünülən yeganə bölgədir.
Digər tərəfdən, ABŞ-ın şimal-şərqində, Kanada sərhədindən 17 kilometr uzaqlıqda, Maine ştatının Caribou şəhərində termometrlər tarixdə ilk dəfə olaraq 39,5 dərəcəni göstərib.
NWS, 85 ildir ölçmələrin aparıldığı Caribou-də bu vaxta qədər temperaturun maksimum 38 dərəcəyə çatdığını bildirib.
Milli İdarələrarası Yanğın Mərkəzinin (NIFC) məlumatına görə, ABŞ-da ümumilikdə 28 meşə yanğını davam edir. Bildirilib ki, onlardan 17-si nəzarət altında deyil, 11-ini isə qismən nəzarətə götürmək mümkün olub.
Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, may ayında təbii fəlakətlər və kəskin hava şəraiti ABŞ-a 1 milyard dollardan çox ziyan vurub.
NOAA-nın açıqlamasında bu xərcin ilin əvvəlindən qasırğa və qar fırtınası kimi ağır hava şəraiti də daxil olmaqla 25 milyard dolları keçdiyi bildirilib.
Həmçinin qeyd olunub ki, bu il təbii fəlakətlərdə həyatını itirənlərin sayı 84 nəfərə çatıb.







