Fransa, Misir və İordaniya İsrailə xəbərdarlıq edib

Fransa, Misir və İordaniya İsrailə xəbərdarlıq edib

Bakı. TurkicWorld:

İsrailin Rəfaha hücumu yalnız daha çox ölümə səbəb olacaq, Qəzza əhalisinin kütləvi şəkildə məcburi köçkünlüyünün risklərini və nəticələrini artıracaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah bir neçə qəzetdə dərc olunan birgə redaksiya məqaləsində yazıblar.

Fransa, Misir və İordaniya liderləri öz redaksiya məqalələrində Qəzzaya buraxılan yardımın daha çox artırılmasına çağırıblar.

“Qəzzada müharibə dərhal bitməlidir”, - deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01