İsveç hökuməti yoxlama zonaları tətbiq edəcək

İsveç hökuməti yoxlama zonaları tətbiq edəcək

Bakı. TurkicWorld:

İsveç hökuməti mart ayından cinayət, o cümlədən, atəş və partlayış riskinin mövcud olduğu müəyyən rayonlarda yoxlama zonaları tətbiq etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bununla əlaqədar olaraq Stokholm meriyasında fikir ayrılığı yaranıb.

Hökumətin təklifi nəzərdə tutur ki, polis cinayət törətməkdə şübhələnmədən təhlükəsizlik zonası çərçivəsində vətəndaşların, o cümlədən uşaqların şəxsi yoxlamasını keçirmək, eləcə də silah və ya digər təhlükəli əşyaların axtarışı məqsədilə nəqliyyat vasitələrində axtarış aparmaq imkanına malik olmalıdır.

“Həssas yerlərdə təhlükəsizlik zonalarının yaradılması məni çox narahat edir. Bu, insanlar arasında bölücülüyə gətirib çıxarır”, - deyə meriyanın Maliyyə Şurasının üzvü Karin Vanngard bildirib.

Hökumətə cavabında şəhər meriyası yazır ki, təhlükəsizlik zonalarının tətbiq edilməsi həm polisə, həm də ümumilikdə cəmiyyətə olan etimada təsir edə bilər.

Məmurlar qeyd edirlər ki, “həssas rayonda böyüyən və polis tərəfindən axtarış keçirildiyi zaman cinayətkarlarla ünsiyyət qurmayan uşaq tərəfindən bunun necə qəbul ediləcəyinin nəticələrini proqnozlaşdırmaq çətindir”.

Müxalifətdən olan Şura üzvü Kristofer Fyelner hesab edir ki, yoxlama zonaları ilə bağlı qərar çox yaxşı qarşılanır və bu təklif mübahisələrə səbəb olmur. O, bu qərarın seqreqasiyanın gücləndirilməsinə təsiri ilə bağlı Vanngardın arqumenti ilə razı deyil.

“Xristian demokratlar” partiyası Stokholmun ictimai nəqliyyatında təhlükəsizlik zonalarının tətbiq edilməsini tələb edir. Onun məlumatına əsasən, ictimai nəqliyyatda silahlı toqquşmaların sayı ildə təxminən 500-ə çatıb.