Pakistanın PUA hücumu qəbuledilməzdir - İran XİN

Pakistanın PUA hücumu qəbuledilməzdir - İran XİN

Bakı. TurkicWorld:

İran Pakistanın PUA-larla iki ölkə sərhədi yaxınlığında bir kənddə qeyri-İran vətəndaşlarına qəbuledilməz və qeyri-bərabər hücumunu pisləyir.

TurkicWorld-un məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İran iki ölkə xalqları və dövlətləri arasında qardaşlıq və yaxşı qonşuluq siyasətinə sadiq qalmaqla yanaşı düşmənlərin iki ölkənin müsbət və qardaşlıq münasibətlərinə zərbə vurmasına icazə vermir, ölkənin ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyini öz qırmızı xətti hesab edir, qardaş və dost Pakistan hökumətindən Pakistan ərazisində silahlı terror qrupları və bazalarının yerləşməsinin qarşısının alınması ilə əlaqədar öhdəliklərinə sadiq qalmasını ciddi şəkildə gözləyir.

“16 yanvar 2024 tarixində İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində yerləşmiş İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sərhəd qərargahı bir qrup terrorçunun İran ərazisinə keçmək üçün hazırlaşdığını müşahidə edib. SEPAH 15 dekabr 2023 tarixli Rask cinayət hadisəsi kimi daha bir terror aktının baş verməsinin qarşısının alınması istiqamətində bu terror qruplaşmasının yüksəkliklərdə və yaşayış massivlərindən kilometrlərlə uzaqda yerləşən qərargah və məkanlarına qarşı önləyici əməliyyat keçirib. Bu isə İran vətəndaşları əleyhinə istənilən terror təhdidi ilə mübarizə aparmaq üçün İranın sərhəd qoşunlarının borcudur”, - deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, İran XİN təkid edir ki, dost və qardaş Pakistan hökuməti silahlı terrorçulardan ayrıdır, İran həmişə öz qonşuluq siyasətinə sadiqdir və düşmənlər və onların başçılıq etdiyi terrorçuların bu münasibətlərə zərbə vurmasına icazə verməyəcək.

Qeyd edək ki, 16 yanvarda İran Pakistanda müəyyən mövqelərə raket zərbələri endirib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Bunun ardınca Pakistan hökuməti İrandakı səfirini geri çağırıb və İran səfirindən Pakistana səfər etməməsini istəyib. İki ölkə arasında bütün tədbirlərin keçirilməsi dayandırılıb.

Əlavə edək ki, 17 yanvarda Pakistan İrana müəyyən mövqelərə hücum edib. Nəticədə 10 nəfər həlak olub.