İranın Kirman vilayətindəki terror aktına görə 32 nəfər saxlanılıb

İranın Kirman vilayətindəki terror aktına görə 32 nəfər saxlanılıb

Bakı. TurkicWorld:

İranın Kirman vilayətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü günü törədilən iki terror aktı ilə əlaqədar 32 nəfər saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bunu İranın Kirman vilayəti prokuroru Mehdi Bəxşi deyib.

M.Bəxşinin sözlərinə görə, 3 yanvarda törədilən terror aktında iki kamikadzedən biri Tacikistan vətəndaşı olub, qalan şəxslərin kimliyi araşdırılmaqdadır.

Bəxşi əlavə edib ki, son vaxtlar Kirman vilayətində terror aktı törətmək istəyən 23 İŞİD terrorçusu saxlanılıb. Bundan başqa, vilayətdə 16 bomba zərərsizləşdirilib.

Qeyd edək ki, 3 yanvarda iranlı general Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki istiqamətdə iki partlayış baş verib. Partlayış nəticəsində 90 nəfər ölüb, 248 nəfər yaralanıb.

Əlavə edək ki, 2020-ci ildə İraqda ABŞ-nin hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusu Qüds Qoşunları komandanı general Qasim Süleymani öldürülüb.