Hindistan Ermənistanı silahlandırmağa davam edir

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Bakı. TurkicWorld:

Ermənistanın "xeyirxah" dostları Cənubi Qafqazda davamlı sülhün əldə olması üzrə səyləri pozduqlarını bildikləri halda, bu təcavüzkar ölkəni silahla təchiz etməyə davam edir.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın "Munitions India Limited" şirkəti Ermənistana 150 min ədəd 30 və 40 mm çaplı qranat göndərəcək.

Bu ölkənin iki ay əvvəl Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı patron göndərdiyi qeyd olunub.

"Bu ilin avqust ayında Ermənistan Hindistandan altı ədəd 155 mm çaplı "ATAGS" haubitsa alıb. Bu, Hindistanla imzalanmış böyük müqavilə çərçivəsində Ermənistana daxil olan ilk partiya idi. Müdafiə sazişi Ermənistana 155,5 milyon ABŞ dolları dəyərində 90 ədəd "ATAGS" göndərilməsini nəzərdə tutur. Bundan başqa, növbəti 3 il ərzində Ermənistana mərhələli şəkildə daha 84 haubitsa çatdırılmalıdır", - KİV yazır.

Hindistan və Cənubi Qafqazda hətta yeni reallıqda belə revanşist qüvvələrin mövcud olduğu Ermənistanı aktiv şəkildə silahlandıran ölkələr bununla regionda sabitliyin əldə edilməsində maraqlı olmadıqlarını göstərirlər. Cənubi Qafqaz coğrafi cəhətdən Hindistandan uzaqda yerləşsə də, bu region, həmçinin, Hindistandan keçən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyindən, mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən bu ölkə regionda sabitlikdə maraqlı olmalıdır.

Ermənistan isə bu cür siyasəti ilə bir daha özünün qeyri-rasional niyyətini ifşa edir. Bu isə növbəti dəfə sübut edir ki, İrəvana sülh lazım deyil.