İƏT Qurani-Kərimin yandırılması ilə bağlı Aİ Komissiyasına nümayəndə heyəti göndərəcək

İƏT Qurani-Kərimin yandırılması ilə bağlı Aİ Komissiyasına nümayəndə heyəti göndərəcək

Bakı. TurkicWorld:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qurani-Kərimin yandırılması ilə bağlı narahatlığını bildirmək üçün Avropa İttifaqı (Aİ) Komissiyasına nümayəndə heyəti göndərmək qərarına gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə İƏT 18-ci Fövqəladə Xarici İşlər Nazirləri toplantısından sonra bəyanat yayımlayıb.

Bəyanatda İsveç və Danimarkada Quranın müqəddəsliyinə qarşı dəfələrlə edilən hücumların şiddətlə pisləndiyi ifadə edilib.

Bildirilib ki, İƏT ifadə azadlığı adı altında həyata keçirilən bu kimi halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlər görmək üçün Aİ Komissiyasına nümayəndə heyəti göndərmək qərarına gəlib.

İƏT-ə üzv ölkələr Qurani-Kərimin yandırıldığı ölkələrlə əlaqələrini nəzərdən keçirərək lazımi mövqe tutmağa çağırılıb.

Bu kontekstdə üzv dövlətlərdən siyasi addımlar atmaq, o cümlədən İsveç və Danimarkadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq istənilib.

Bəyanatda həmçinin müsəlmanlara və İslamın müqəddəs simvollarına qarşı iyrənc hücumların dərindən qiymətləndirilməsi üçün İƏT-in İslamofobiya üzrə İcraiyyə Şurasının növbəti iclasının keçirilməsi tələb olunub.

Məlumat üçün qeyd edək ki, İƏT-in onlayn iclası ilə eyni vaxtda Danimarka və İsveçdə də Qurani-Kərimə hücumlar həyata keçirilib.

Hafiz Rufizoğlu