Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək

Bakı,TurkicWorld

2027-ci ildə Dünya Azərbaycanlılarının VI Qurultayının keçirilməsi üçün 1,5 milyon manat vəsait nəzərdə tutulub.

Bu, Milli Məclisə təqdim olunan 2027-ci il üzrə dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ümumilikdə 9,1 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

Həmin vəsaitin 7,1 milyon manatı xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği, digər xalqların diasporları ilə əlaqələrin və lobbi quruculuğunun inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.

Xatırladaq ki, bundan öncə, Dünya Azərbaycanlılarının 5 qurultayı keçirilib.

I Qurultay — 9–10 noyabr 2001-ci il, Bakı şəhəri (Heydər Əliyev Sarayı). Sədr: Heydər Əliyev. Qurultayda 36 xarici dövlətdən nümayəndələr iştirak etmiş, nəticədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

II Qurultay — 16 mart 2006-cı il, Bakı şəhəri. Sədr: İlham Əliyev. 49 ölkədən nümayəndə və qonaqlar qatılmışdır.

III Qurultay — 5–6 iyul 2011-ci il, Bakı şəhəri. Sədr: İlham Əliyev. 36 ölkədən 1272 nümayəndə iştirak etmişdir.

IV Qurultay — 3–4 iyun 2016-cı il, Bakı şəhəri. Sədr: İlham Əliyev. 49 ölkədən 500 nümayəndə qatılmışdır.

V Qurultay ("Zəfər qurultayı") — 22–23 aprel 2022-ci il, Şuşa şəhəri. Sədr: İlham Əliyev. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra Şuşada keçirilmiş bu qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir.