Son dəqiqə

Hafiz Paşayev

ADA universiteti xarici ali təhsil ocaqları ilə əməkdaşlığa açıqdır

BAKI,TurkicWorld

Bu il 20 illiyini qeyd edən ADA Universiteti digər universitetlərlə, o cümlədən mühəndislik elmləri sahəsində əməkdaşlığa açıqdır.

TurkicWorld-un müxbirinin verdiyi məlumata görə, bunu ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki keçmiş səfiri Hafiz Paşayev çərşənbə günü İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin Bakıda keçirilən 20-ci Beynəlxalq Konfransının (AICT 2026) açılış mərasimində deyib.

"Bizim üçün mühəndislik istiqamətlərinə, o cümlədən elektrotexnikaya xüsusi diqqət yetirməyimiz vacibdir. Buna görə də bir çox universitetlərlə əməkdaşlıq əlaqələri qurmalıyıq. İstərdim bu tədbirdə iştirak edənlər bizim əməkdaşlığa və qarşılıqlı fəaliyyətə açıq olduğumuzu nəzərə alsınlar", – deyə rektor bildirib.

Onun sözlərinə görə, AICT konfransının uzun illərdir keçirilməsi tədbirə tələbatın olduğunu və onun uğurunu göstərir.

Rektor konfrans iştirakçılarını, o cümlədən akademik dairələrin nümayəndələrini, eləcə də Qazaxıstan və Serbiyadan olan alimləri salamlayıb.

Hafiz Paşayev tanınmış alimlərin konfransda iştirakının tələbələr üçün yeni biliklər əldə etmək baxımından əlavə stimul olacağına ümidvar olduğunu bildirib.

Bundan başqa, o, Azərbaycan-İtaliya Universitetinin fəaliyyəti çərçivəsində ADA Universitetinin Turin Politexnik Universiteti ilə əməkdaşlığından danışıb. Rektorun sözlərinə görə, universitetin fəaliyyətə başlamasından beş ildən az vaxt keçib və gələn il ilk tələbə buraxılışı olacaq.

Sonda Hafiz Paşayev konfrans iştirakçılarına Azərbaycanda xoş vaxt keçirməyi arzulayıb, onları Bakını və ADA Universitetini yaxından tanımağa vaxt ayırmağa çağırıb.

Mövzuya görə xəbərlər