Bakı.TurkicWorld:
30 milyon əhaliyə malik Mexiko şəhərinin meri Klara Bruqada mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcək.
TurkicWorld-un məlumatına görə, Mexiko meri həftəsonuna yaxın Azərbaycana səfər etməyi planlaşdırır.
Onun səfəri mayın 19-dək davam edəcək.
K.Bruqada bildirib ki, görüş zamanı estafeti qəbul edəcək, çünki növbəti belə forum 2028-ci ildə Mexikoda keçiriləcək.
Qeyd edək ki, Klara Bruqada 2024-cü il seçkilərində qələbə qazandıqdan sonra Mexiko hökumətinin başçısı vəzifəsini tutur. O, "Milli Dirçəliş Hərəkatı" (Morena) partiyasının üzvüdür. Daha əvvəl İstapalapa rayonunun meri, həmçinin federal və dairə deputatı olub.
Bruqada ilk dəfə 1995-ci ildə siyasi seçkilərdə iştirak edib. Həmin vaxt o, İstapalapanın ilk vətəndaş şurasında San-Migel-Teotonqo rayonunun müşaviri seçilib.
1997-ci ildə o, PRD partiyasından 22-ci dairəni (Sierra-de-Santa-Katarina) təmsil edərək Federal Deputatlar Palatasına seçilib. 2000-ci ildə Federal Dairənin Qanunvericilik Assambleyasının (indiki Mexiko Konqresi) deputatı olub. 2003-cü ildə yenidən Federal Deputatlar Palatasına qayıdıb.
Marselo Ebrard 2006-cı ildə hökumət başçısı seçkilərində qalib gəldikdən sonra Bruqada onun administrasiyasına daxil olub. 2009-cu ildə o, İstapalapa rayonuna rəhbərlik edib və 2012-ci ilədək həmin vəzifədə çalışıb. Səlahiyyət müddəti başa çatdıqdan sonra PRD-dən ayrılıb və 2014-cü ildə Morena partiyasına qoşulub.
O, Morena Milli İcraiyyə Komitəsinin sosial təminat üzrə katibi seçilib, iki il sonra isə Mexikonun Təsis Yığıncağının deputatı və vitse-prezidenti olub.
2018-ci il seçkilərində Bruqada yenidən İstapalapanın meri olub və 2021-ci ildə bu vəzifəyə təkrar seçilib.
2023-cü ilin sentyabrında o, 2024-cü il seçkilərində Mexiko hökumətinin başçısı postuna namizəd olmaq üçün rayon meri vəzifəsindən ayrılıb. Bruqada Morena tərəfindən namizəd göstərilib.
2024-cü il iyunun 2-də o, hökumət başçısı seçilib və oktyabrın 5-də rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Onun prioritetləri arasında qadınların təhlükəsizliyinin gücləndirilməsi, su böhranının həlli, məcburi köçürülmələrin qarşısının alınması və gənclər üçün sonradan satınalma imkanı olan əlçatan mənzil layihələrinin inkişafı yer alır. O, feminist yanaşmaya sadiqdir və kabinetində gender balansı qorunub: 10 kişi və 11 qadın.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda UN-Habitat proqramı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində keçiriləcək.
Tədbirin proqramı müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsinin müzakirəsi üçün bir araya gətirəcək.
"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin hökumətlərini, icmaları, mütəxəssisləri və tərəfdaşları bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması üçün fikir mübadiləsi aparmağa, siyasi yanaşmalar formalaşdırmağa və fəaliyyətləri sürətləndirməyə xidmət edəcək.




