Son dəqiqə

BMT ərzaq məhsulları ABŞ İran gərginliyi

Dünya bazarlarında həyəcan təbili - Ərzaq qiymətləri sürətlə bahalaşır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cari ilin mart ayında qlobal ərzaq qiymətlərinin fevral ayı ilə müqayisədə 2.4% artdığını bəyan edib.

TurkicWorld xəbər verir ki, bu artıma əsas səbəb Yaxın Şərqdə gərginləşən münaqişələr fonunda enerji xərclərinin kəskin yüksəlməsidir.

Məlumata görə, ardıcıl ikinci aydır davam edən bahalaşma bütün əsas məhsul qruplarını, o cümlədən taxıl, ət, süd məhsulları, bitki yağları və şəkəri əhatə edir. FAO-nun Ərzaq Qiymətləri İndeksi ötən ilin eyni dövrü ilə müqayisədə 1.2 bənd (1%) yüksəlib. Xüsusilə bitki yağları indeksi mart ayında fevralla müqayisədə 5.1% artaraq son üç ayın ən yüksək göstəricisinə çatıb. Palma yağının qiyməti isə xam neftin bahalaşması səbəbindən 2022-ci ilin ortalarından bəri ən yüksək həddə yüksəlib.

Ekspertlər bildirirlər ki, şəkər qiymətlərindəki artım dünyanın ən böyük ixracatçısı olan Braziliyanın şəkər qamışını daha çox etanol istehsalına yönəltməsi və Yaxın Şərqdəki münaqişənin ticarət axınlarına mənfi təsiri ilə bağlıdır. Taxıl qiymətlərində 1.5%, ət məhsullarında isə 1% artım qeydə alınıb. Süd məhsulları indeksi martda 1.2% artsa da, ötən ilin mart ayı ilə müqayisədə 18.7% aşağı səviyyədə qalıb.

Mövzuya görə xəbərlər