Son dəqiqə

Azər Hüseynov

Dövlət

Bakı, TurkicWorld\ArabAz

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Bu yazı, insanlıq tarixində ən önəmli təsisatlardan biri olan dövlət haqqında düşüncələrimdən bəhs edir. Dövlət, bir ictimai müqavilənin nəticəsi olaraq formalaşan mexanizmdir. Sadələşdirərək izah edim, çünki bəzən siyasi ədəbiyyatla tanış olan, hətta ziyalı hesab edilən şəxslərin belə bu məsələləri tam dərk etmədiyini müşahidə edirəm.

Bir qrup insan təhlükəsiz yaşamaq, çörək pulu qazanmaq, sərbəst səyahət etmək və hətta müasir dövrün tələblərinə uyğun olaraq, şəlalələr qarşısında şəkil çəkdirmək kimi arzularını reallaşdırmaq üçün başqa, daha işgüzar və təcrübəli şəxslərlə müqavilə bağlayır. Deyirlər ki: “Biz sizə vergi ödəyəcəyik, əsgər çağıranda xidmətə gedəcəyik və müəyyən məhdudiyyətlərə tabe olacağıq. Siz isə bu sistemi qurun və idarə edin. Nəyi, nə zaman edəcəyinizə siz qərar verin.” Bu mexanizmə dövlət deyirlər.

Dövlətləri olan xalqlar həqiqətən də xoşbəxtdirlər, xüsusilə də unitar dövlətlərdə yaşayanlar. Bəzən dövlətin müəyyən tədbirləri sizin düşüncələrinizlə üst-üstə düşməyə bilər və hətta sizi narahat edə bilər. Amma unutmayaq ki, dövlət insan tərəfindən qurulan bir təsisatdır və bu səbəbdən nöqsansız deyildir.

Burada bir məqama toxunmaq istərdim: Əslində dövlətin ideologiyası olmur. Dövlət, bir sistem kimi fəaliyyət göstərir — çarxdır. İnsan bədəninə bənzədilir: ürək-damar, mədə-bağırsaq, hormonal sistemlər… Siz kommunist, millətçi, dindar və ya ateist olsanız da, bu sistemlər hamıda eynidir. Ancaq xalq və millət ruha bənzəyir. Ruhun hissləri, duyğuları və əqidəsi olur. Ona görə də islah edilməli olan, əsasən, xalqın ruhudur.

Ruhun xəstəlikləri bədənin fəaliyyətinə təsir edir. Beləliklə, islah edilməli olan millətdir. İnsan ruhunu qidalandırmadan, cismən rifahın təmin edilməsini gözləmək məntiqsizdir.

Bilmirəm, illər keçəcək, yazılarım bu internet məkanında qalacaqmı? Onu yalnız Allah bilir. Amma istəyərdim ki, bu düşüncələr kiminsə zehnində iz buraxsın və xeyirli təsir etsin.

İdeoloji düşüncəsindən asılı olmayaraq hər kəsə 1991-1993-cü illəri xatırlatmaq istərdim. Bir dəfə 1992-ci ildə Bakı-Tbilisi avtobusu ilə Qazağa gedirdik — anamla birlikdə. Yol boyu bizi Yevlaxda, Gəncədə, Tovuzda və Qazağın girişində dəfələrlə saxladılar. Silahlı şəxslər avtobusa daxil olaraq özlərini nümayiş etdirirdilər. O vaxt yeniyetmə idim. Qanım qaynar idi. Anamı qorumaq üçün hər an döyüşə hazır idim. Cibimdə daşıdığım bıçaq ilə ehtiyatlı dayanmışdım. Şükürlər olsun ki, ciddi bir hadisə baş vermədi. Amma o illərin gətirdiyi streslər bizə yetərincə təsir etdi.

Sonra 1993-cü ildəki hadisələr və xaos dövrü yaşandı. Bu xaosu aradan qaldırmaq üçün Heydər Əliyev idarəetməni öz əlinə aldı. İdeoloji baxımdan fərqli düşünə bilərik, amma obyektiv olmaq lazımdır: Ən azından Bakıdan Qazağa gedəndə artıq beş yerdə saxlanılmadıq.

Bundan əlavə, ölkəni parçalamaq təhlükəsi və bir-birinə tarixi və təbii bağlarla bağlı olan türk, tat, talış, ləzgi, avar, saxur və digər xalqlar arasında qarşıdurma yaratmaq cəhdləri də uğursuz oldu. Allahın izni və Heydər Əliyevin səyləri ilə bu müsibətdən qurtulduq.

İnsan ilk növbədə təhlükəsizliyə ehtiyac duyur. Təhlükəsizlik olmadıqda, qazandığınız pul və yemək belə sizə zəhər olar.

Bu fikirləri dərindən düşünməyiniz üçün paylaşdım.

Mövzuya görə xəbərlər