Son dəqiqə

Azər Hüseynov

Suriyada Rusiyanın maraqları

Bakı, TurkicWorld\ArabAz

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Bu yazımda Rusiyanın Suriyada maraqları haqqında söz edəcəyəm, Allahın izni ilə. Lakin əvvəlcə bəzi məlumatları paylaşım, bunu bir yerə qeyd edin. Zelenski etiraf edib ki, Rusiyaya qarşı ordusu dirənə bilmir, hətta əraziləri azad da edə bilmir. Daha sonra bir məlumat sızdı ki, Trampın ətrafının Ukrayna ilə bağlı yeni planı var. Plana əsasən Ukrayna faktiki torpaq itkisi ilə razılaşıb atəşkəsə getməlidir.

Ukrayna savaşı başlayanda müsahibələr vermişdim. Demişdim ki, Ukrayna parçalanacaq, onun bir hissəsində Rusiya faktiki hakimiyyət quracaq, Zelenskinin ətrafı dağılacaq, Rusiya isə Qərbi bu mövzuda parçalayacaq. Belə deyəndə bəzi dostlarımız Ukrayna ordusunun qələbə çalacağından yazırdılar. İndi isə Zelenski deyir ki, artıq bacarmıram. Hətta demişdim ki, Zelenski bir layihədir və Qərb onu xərcləyəcək.

Deyə bilərsiniz ki, Suriya məsələsinə bunun nə aidiyyəti var? İzah edim, Allahın izni ilə bəzi dostlar da dinləsin. Geosiyasət deyə bir anlayış var. Rusiya üçün Şərqi Avropa öz məhəlləsidir, əsas məkanıdır, birinci dərəcəli maraq dairəsidir. Buna görə də Ukraynada Qərbin mövcudluğu onun üçün qəbul edilməzdir.

Yaxın Şərq isə zaman-zaman iştirak etdiyi, yatırım etdiyi əlavə müəssisədir. Orada lazım olanda səhmlərini satıb Şərqi Avropadakı maraqlarını gücləndirə bilər. İndi baxın, Ukrayna xərclənir. Çünki ABŞ başda olmaqla Qərb bilir ki, Ukrayna onun tarixi məkanı deyil. Amma Yaxın Şərq həm ABŞ-ın, həm də onun rəqibi və bəzən dostu Britaniyanın ərazisidir, həyat mənbəyidir.

Rusiya burada həmişə situativ olub: Suriyada, İraqda, Liviyada, Yəməndə. Lakin bu iştirak müəyyən dövrlər üçün olub. Daha avantajlı təklif müqabilində həmin yerləri tərk edib. Rusiya üçün əsas məkan Avrasiya, bir də Şərqi Avropadır.

Rusiya digər yerlərdə sadəcə könül bulandıracaq nöqtələr saxlayır. Məsələn, Kuba. Bunlar sanki nəzarət nöqtələridir. Bəs Rusiyanın Suriyada son marağı nədir? Amerikanın ürəyini bulandırmaq, daim “ənsəndəyəm” mesajını vermək. Yəni, “həmişə mənim səni sıxa biləcəyim kimi, sənin də məni sıxa biləcəyin nöqtələr vardır.”

Bundan başqa, Yaxın Şərq dünyanın ürəyidirsə, orada mənim də damarım olmalıdır, deyə düşünür. Rusiyanın başqa bir marağı isə rəqiblərini tükəndirməkdir. Bu, bilirsinizmi, nəyə bənzəyir?

Bir kişinin əsas evi olur, orada yaşayır, ailəsi ilə qeydiyyatda olduğu ünvan oradır. Rusiya üçün də qeydiyyatda olduğu ünvan Şərqi Avropa, Mərkəzi Asiya, Qafqazdır. Belə hesab edir. Bir də kişinin ehtiyat mənzili olur, orada davamlı qalmır, amma zaman-zaman istifadə edir, bəzən ora gələn dostlarını da nəzarətdə saxlayır. Rusiya üçün Yaxın Şərq belədir.

Bu gün Rusiya Ukraynada ABŞ-dan zəmanət alarsa (görünür ki, artıq alıb), Əsədin arxasından çəkilə bilər. Ya qismən çəkilə bilər, ya da tamamilə. Çəkildiyi zaman isə məhz dini ideologiyası olan müxalifətə zərbə endirə bilər. Rusiya dövlət beyni çox ağıllıdır, çünki əsas və əlavəni gözəl ayırd edə bilir.

İran barədə də yazacağam, Allahın izni ilə…

Mövzuya görə xəbərlər