Bakı, TurkicWorld\ArabAz
Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Bu yazımda Suriyada tərəflərin maraqları haqqında yazmaq istəyirəm. Bu yazımda da maksimum dərəcədə obyektiv olmağa çalışacam. Gördüyüm odur ki, ölkəmizdə Suriya ilə bağlı yazılan yazıların böyük əksəriyyətində yazanların simpatiyaları özünü göstərir. Ancaq adil və obyektiv davranış önəmlidir. Ümmətə də lazım olan odur ki, görmək istədiyini deyil, olanı görsün. Suriya məsələsində bütün dövlətlər və tərəflərin hərəkat imperativi maraqlardır. Bu da təbiidir. Çünki dövlət maraqları ilə hərəkət edər. Həəə, o başqa məsələdir ki, onu idarə edənlər hansı şəkildə o maraqları görür. Burada bir not düşmək istəyirəm.
Yəqin ki, 1991-1993-cü illər ölkəmizdə baş verənlər yadınızdadır. Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidməti ölkədə əmin amanlıq və sabitliyin təsis edilməsi oldu. Bir ölkədə hər kəs, hər istəyən silahlıdırsa və başlarında da sabit olmayan şəxsiyyətlər dayanırsa həmin ölkədə yadlar at oynadacaqdır. Heydər Əliyevə qədər Azərbaycanı idarə edənlərin bir problemi vardı. Problemləri çox idi əslində, sadəcə bu problemləri çox önəmli idi. Bu insanların heç birində cəmləyici xarizma yox idi. Nazirin prezidentə kafa tutduğu vaxtlar idi. Heydər Əliyev isə xarizmatik, təcrübəli, hədəf və məqsədlərini bilən, idarəçilik istedadı olan, ən əsası isə həmsöhbətlərində özünə hörmət formalaşdıra bilən şəxsiyyət idi. Yəqin ki, onun xarici səfələrində bədən dili, davranışları yadınızdadır. Azərbaycan hələ zəif, problemləri ilə məşğul olduğu anlarda belə xaricilər Heydər Əliyev qarşısında ehtiramla dayanırdılar. Bunları niyə yazıram? Şəxsiyyət çox önəmlidir. Şəxsiyyətlərin yetişməsi xalqın əsas vəzifəsi olmalıdır. Bu gün Yaxın Şərq şəxsiyyət problemindən əziyyət çəkir. Səddam bütün günahları və savabları ilə bir şəxsiyyət idi. Qəddafi bütün dəliliyi ilə xarizma idi. Berluskoniyə əl öpdürməsini həzm edə bilmədi dünya. Ərəbləri yazıq etmək üçün ilk öncə onları şəxsiyyətlərdən məhrum etdilər.
İndi gələk Suriyada tərəflərin maraqlarına.
Türkiyənin maraqları
Türkiyənin tarixən Suriya ilə problemləri olubdur. Suriya Türkiyəni Hatayı işğal etməkdə günahlandırıbdır. Türkiyə Suriyanı su böhranlarına səbəb olmaqda və PKK-nı dəstəkləməkdə qınayıbdır. Bəşşar Əsəd hakimiyyətə gəldikdən sonra Suriya və Türkiyə bir az yaxınlaşdı biri birinə. Hətta AKP-nin ilk illərində bu yaxınlıq artdı. Bəşşar Əsəd Türkiyəyə səfər edən ilk Suriya dövlət başçısı oldu. Sonra olanlar oldu. Bir ərəb baharı başladı. Suriyada Əsədə qarşı xalq etirazları başladı. Bunun təməlində dayanan sosial və siyasi problemlər idi. Getdikcə bu proses Suriyada vətəndaş müharibəsinə çevrildi. Müxaliflər silahlanmaya başladılar. Çünki Əsəd qüvvələri xalqa qarşı sərtlik tətbiq etdi və silahlar işə düşdü. Münasibətlər pozuldu. Türkiyə 2011-2016-cı illərdə özünün daxili problemləri ilə də məşğul idi. Bu problemlər onun xarici siyasətinin Suriya hissəsində də hiss edilirdi. İlk dövrlərdə Türkiyə Suriyada əsasən Riyad Əsədin başçılıq etdiyi Özgür Suriya Ordusunu dəstəkləyirdi. Bununla belə sahədə olan digər oyunçularla da münasibətləri vardı. Bunlar Əhraruş Şam və digər güclər idi. Suriyada münaqişələrdə iştirak edən xarici vətəndaşların bir çoxu Türkiyə vasitəsi ilə Suriyaya keçirdi. Türkiyənin Suriyada proseslərdə iştirak etməkdə ilk məqsədi öz təhlükəsizliyini təmin etmək idi. Bölgədəki kürd qüvvələri Türkiyənin ərazi bütövlüyünə təhlükə idi. Daha sonra bir İŞİD dövrü başladı. Türkiyə İŞİD ilə mübarizədə ən fəal ölkələrdən biri oldu. Türkiyənin bəzən bölgədəki fəaliyyətləri ABŞ-la üst üstə düşürdü. Bəzən Rusiya ilə. Bəzən isə sırf öz maraqlarından çıxış etməyə çalışırdı. ABŞ-la üst üstə düşən maraqları İran və onun himayə etdiyi qrupların bölgədə güclənməməsidir. Rusiya ilə üst üstə düşən maraqları Amerikanın çox da güclənməməsidir. Çünki Amerikanın sahədə yerli müttəfiqləri YPG-PYD qüvvələridir. Bunlar da Türkiyə ərazi bütövlüyünə təhdiddir. Sırf öz maraqları isə hər dövlətdə olduğu kimi özünün yerli oyunçularının olması və təsir coğrafiyasının genişliyidir. Yəni, normal bir ölkə maraqlarıdır. Bütün ölkələr kimi Türkiyənin maraqları özü üçün sabitlik, iqtisadi qazanclar, xüsusi ilə Suriya qaçqınları məsələsinin həllidir. Əsas tərəfdaşı da Suriya Milli Ordusudur. Gələcəkdə hər hansı isə bir qrup bu maraqlar qarşısında dayanarsa, ideoloji kimliyindən asılı olmayaraq onun ləğvində maraqlı olacaqdır. Türkiyənin xarici siyasət vizyonuna bu gün təsir edən amillər hansılardır? Daxildə MHP ilə ittifaq, daha sonra hərbi, polis və bürokratiyada ulusal millətçilərin güclü olması, iqtisadiyyatı idarə edən ailələrin mövqeyi, təbii ki, ABŞ-la və Britaniya ilə münasibətlər, Rusiya ilə münasibətlər və s. Ona görə bizim bəzi ümmətçi arkadaşlar anlamalıdır ki, maraqlar var. Türkiyə bir dövlətdir, onun rəhbərləri bəzən ümmətçi, bəzən millətçi, bəzən liberal sözlərdən istifadə edəndə də öz dövlətinin maraqlarından çıxış edir. O ki, qaldı islamçı olaraq Türkiyə siyasətində olanlar, onların bu gün əksəriyyəti bir ulusal millətçidən ciddi fərqənmir. Ergenokon məhbusları çıxanda onlardan biri demişdi ki, “cemaetleri Türkiyeden qazıyacağız”. Bu gün həqiqətən də Türkiyədə camaat və təriqət institutu böhrandadır. Birbaşa və ya dolayısı ilə dağılır. Modern liberal cizgiyə keçmiş olan islamçı görsənənlərin isə artıq digərlərindən şəkil, şəmayil fərqi də yoxdur. Bir sözlə, maraqlar. Hətta maraqlar bir çox “ümmətçinin” düşüncələrini şəkilləndirir.
ABŞ-ın maraqları.
ABŞ-ın maraqları dedikdə biz böyük bir dövlətin dünya maraqlarından danışırıq. Əslində, ərəb baharının memarı elə ABŞ-dır. Sual yaranır ki, ABŞ ərəb baharını nə üçün başlatdı? Mən sizə heç kimin deməcəyi bir yöndən deyəcəm inşaAllah. Ərəb baharında köklüləşən ərəb rejimlərinin dəyişdirilməsi nəzərdə tutulurdu. Nə üçün? Çünki bir yerdə eyni hakimiyyət uzun müddət qalırsa onda idarəçilik təcrübəsi yaranır, sistem qurur, güclənir və nəzarətdən çıxa bilir. Hətta xarizmatik liderlər çıxa bilir içərisindən. Bir zaman gəlir hətta hamisinin də nəzarətindən çıxa bilir. Maraqlısı odur ki, ərəb baharı ərəb monarxiyalarında deyil, ərəb respublikalarında həyata keçirildi. Məgər ərəb monarxiyalarında demokratik problemlər yoxdurmu? Əlbəttə vardır. Amma onlarda həm də Amerika bazaları vardır. Nə isə? Sonra prosesə digər oyunçular da qoşuldular. Rusiya, İran, assimetrik güclər, xalqın içindən formalaşanlar. Artıq ABŞ ikinci addımı atdı. İdarə edilən xaos. Müəyyən kiçik məqamlarda bəzən yerlərdə hakimiyyət təsirini İranla belə bölməyə getdi. Məsələ, İraqda Maliki höküməti, daha sonra Suriyada İranın da içində yer aldığı status kvo. Son Qəzza olayları və Hizbullah fəallaşması bu status kvonun dəyişilməsinə zəmin oldu. Nə üçün? Çünki İran Suriya vasitəsi ilə Hizbullahı silahlandırır. Bu xətti bağlamaq lazımdır. İranın bölgədə güclənməməsi isə Türkiyə və ABŞ-ı bir araya gətirən ortaq maraqlardır. Amma ayıran məqamlar da vardır. Nədir bu? ABŞ-ın YPG-ni dəstəkləməsi. Lakin Türkiyə ABŞ-a İsraillə bağlı zəmanət verərsə ABŞ YPG-nin ortadan qaldırılması haqqında düşünə bilər. Zəmanət hansı şəkildə ola bilər. Türkiyənin İslamçı qüvvələri deyil, sekulyar SMO-nu dəstəkləməsi şəklində. Bir də gələcəkdə Heyət Təhrir Şam ortadan qaldırılacaqsa ya müdaxilə etməməsi, ya da yardım etməsi. ABŞ də təbii ki, dövlət şüuru ilə hərəkət edir, özünün maraqlarını müdafiə edir. Bölgədə əsas müttəfiqini qoruyur, ərəb monarxiyalarını məsafədə saxlaryır. Onlara da bu məsafə sərf edir. Yaşayırlar da özləri üçün…
Davamı inşaAllah sonra……..
Daavamında İranın və Rusiyanın maraqlarından söz edəcəyəm.