Azərbaycan Gəncləri günündə “Hər kim yüz il yaşamasa” adlı vətənpərvərlik tədbiri keçirilib

Azərbaycan Gəncləri günündə “Hər kim yüz il yaşamasa” adlı vətənpərvərlik tədbiri keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istərsə də Kremldə yüksək vəzifələrdə çalışdığı vaxtlarda xalqımızın tarixinə sonsuz ehtiram və məhəbbətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirib, yeni nəslin vətənpərvərlik tərbiyəsində ata-babalarımızın qəhrəmanlıq ənənələrindən bəhrələnməyi dönə-dönə məsləhət görmüşdür.

Heydər Əliyevə görə, xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qəhrəmanlarını tanımadan, qiymətləndirmədən qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində, onların hərbi ixtisaslara yiyələnməsində müstəsna xidmətləri vardır. Heydər Əliyev azərbaycanlı gəncin öz əcdadını tanıması üçün elə böyük, məqsədyönlü işlər görmüşdür ki, biz bunun bəhrələrini bu gün də hiss edir və yüksək dəyərləndiririk.
1996-cı il mayın 9-da Böyük Vətən müharibəsi veteranları və Birinci Qarabağ müharibəsi qazilərinin iştirak etdikləri görüşdə Heydər Əliyev demişdir: "Xalqımızın tarixini heç kəs dəyişdirə bilməz. Heç kəsin də haqqı yoxdur ki, tarixdən kimisə silsin, çıxarsın, kimisə salsın…"

Ulu öndərimizin qeyd etdiyi kimi, "Bu gün gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qazanıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir".
2 fevral - Azərbaycan Gəncləri Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən növbəti vətənpərvərlik tədbirində də bu barədə ətraflı söhbət açılıb və şanlı döyüş tariximizin, igid oğul və qızlarımızın qəhrəmanlıq ənənələrinin bu gün də geniş təbliğ olunduğu və davam etdirildiyi bir daha vurğulanıb.
İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə keçirilən "Hər kim yüz il yaşamasa..." adlı vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, Əlahiddə Ümumqoşun Ordunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçu və kursantları, ictimaiyyət nümayədələri iştirak ediblər.
Hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları və alqışlar altında “İstiqlal” ordenli qocaman müharibə iştirakçısı Fatma Səttarova fəxri kürsüyə dəvət edilərək ona gül çələngi təqdim olunub.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bir əsr ömür sürən Fatma Hüseyn qızının hər bir gənc üçün örnək olan mənalı ömür və döyüş yolundan ətraflı söhbət açıb, onun rəhbərlik etdiyi veteranlar təşkilatının Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynadığını xüsusilə qeyd edib.
Diqqətə çatdırılıb ki, həm İkinci Dünya müharibəsi iştirakçılarının, həm də Qarabağ uğrunda döyüşən Vətən övladlarının xidmətləri həmişə olduğu kimi bu gün də dövlət səviyyəsində yüksək qiymətləndirilir və onlar daimi diqqət-qayğı ilə əhatə olunurlar.
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi və Müzəffər Ali Baş Komandanın onu qəbul edərək həmin ordeni şəxsən qocaman veterana təqdim etməsi bütün xalqımız kimi ordu gənclərinin də böyük sevincinə səbəb olub. Həqiqətən də ölkəmizdə Vətənə, xalqa, dövlətə həsr olunan sədaqətli xidmət heç vaxt mükafatsız qalmır.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, tədbirdə dövlətimizin başçısının görüş zamanı Fatma Səttarovaya dediyi fikirlər səsləndirilib: “Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz... Siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir”.
Səhnənin mərkəzində yerləşdirilən Azərbaycan Prezidenti ilə Fatma Səttarovanın birgə çəkdirdikləri şəkil yubilyarın diqqətindən yayınmayıb və o ayağa qalxaraq bir daha dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığını bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Fatma Səttarova haqqında deyib: “Fatma xanım respublika veteranlar ordusunun lideridir. O, bütün mənalı həyatını xalqa və Vətənə həsr edib. Səmimi, xeyirxah bir insan, dara düşənə kömək əli uzadan, yol göstərən bir ağbirçəkdir. Dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına sadiq olduğu qədər, hamını da özü kimi bu yolla getməyə çağıran dünyagörmüş müharibə iştirakçısıdır. Müharibəyə könüllü yollanıb. Moskva uğrunda döyüşlərdə, eləcə də Leninqrad mühasirədə olduğu vaxtlarda neçə-neçə yaralıya ilk yardım göstərib, onları döyüş meydanlarından təxliyyə edib və yenidən həyata qayıtmaları üçün səylərini əsirgəməyib, dəfələrlə ölümlə üzləşib.
Stalinqrad cəbhəsində, uzaq Macarıstan torpağında da azərbaycanlı gənc tibb xidməti leytenantı Fatma Səttarovanın xidmətləri əvəzsizdir.
Müharibə illərinin mahnıları ifa edildikcə Fatma xanım həmin illəri xatırlayaraq duyğulu anlar yaşayıb. Hətta o, “Şəfqət bacısı”, “Katyuşa” mahnıları oxunarkən müğənnilərin səsinə səs verib.
Vətən müharibəsi iştirakçıları olan Azərbaycan Ordusunun gənclərindən bir qrupu səhnəyə qalxaraq Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik ediblər. Fatma xanım isə onların müharibədə qazandıqları möhtəşəm Zəfərin ən gözəl yubiley hədiyyəsi olduğunu qeyd edib.
Tədbir iştirakçıları qocaman veteranın xatirələrini maraqla dinləyib, onun məsləhətlərini, tövsiyyələrini öz fəaliyyətlərində uğurla yerinə yetirməyə söz verib və Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildiriblər.
Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov Müdafiə Nazirliyinin rəhbərliyi adından bir daha Fatma Hüseyn qızını yubileyi münasibətilə təbrik edib və ona XIX əsr Qarabağ qrupu xalçasının təsviri olan metal əl işini və milli Azərbaycan kəlağayısını bağışlayıb.
Fatma Səttarova göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və Azərbaycan Ordusunun şəxsi heyətinə bundan sonra da xalqımızı yeni-yeni uğur və nailiyyətlərlə sevindirməyi arzulayıb.