Son dəqiqə

EDGE

"EDGE" şirkəti Azərbaycanla döyüş sursatı istehsalında fəal əməkdaşlıq edir - Baş direktor

Bakı, TurkicWorld

Səudiyyə Ərəbistanının "EDGE" şirkəti Azərbaycanla döyüş sursatı istehsalında fəal əməkdaşlıq edir.

Bu barədə TurkicWorld-ə özəl müsahibəsində "EDGE" şirkətinin icraçı və baş direktoru Hamad Al-Marar Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat verib.

"Azərbaycanda bizim üçün böyük strateji potensial var. Biz hesab edirik ki, müdafiə və təhlükəsizlik sahəsində strategiyalarımız üst-üstə düşür. Biz əminik ki, Azərbaycanın mükəmməl infrastrukturu bizə fayda verə bilər, eyni zamanda, öz imkanlarımızı artırmaq üçün əhəmiyyətli potensiala malikdir. Bu, qarşılıqlı əməkdaşlıqdır", - o deyib.

Hamad Al-Marar bildirib ki, şirkət Azərbaycan Hava Qüvvələrinə faydalı ola biləcək özəl imkanlar təqdim edir və digər qoşun növləri ilə əməkdaşlıq etməyə açıqdır.

"Biz görürük ki, bu sahədə hər hansı bir əməkdaşlıq sizin istedadlı mütəxəssislərinizin potensialını tanımaqdan başlamalıdır. Biz əminik ki, bu, mükəmməl ideyaların yaranmasına gətirib çıxaracaq. Həllər hazırlanarkən, biz öz təcrübəmizdən, coğrafiyamızdan və üzləşdiyimiz təhlükələrdən çıxış edirik. Ancaq Azərbaycan haqqında danışdığımız zaman öyrənməli olduğumuz başqa bir coğrafiya ilə üzləşirik. Nəhayət, sizin malik olduğunuz infrastruktur da əhəmiyyətlidir. Biz sənaye səviyyəsində - proqram təminatı, texnologiyalar və ya sistemlər sahəsində əməkdaşlıqdan böyük fayda götürə bilərik", - şirkətin icraçı direktoru qeyd edib.

O, "EDGE" şirkətinin ADEX sərgisində iştirakının əhəmiyyətini də vurğulayıb.

"Biz sərgi çərçivəsində Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşdük. Beləliklə, ADEX-də iştirakımız onlara bizim ciddi olduğumuzu göstərir, bu isə ölkələrimiz arasında qarşılıqlı əlaqələri gücləndirir və Azərbaycanın müxtəlif təşəbbüslərdə iştirakını dəstəkləyir. Beləliklə, biz əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazırıq", - Hamad Al-Marar əlavə edib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilib. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.