Son dəqiqə

Xocalı

32 ildən sonra Xocalıda məktəbin açılışı qürurvericidir - Nəvai Həsənov

Bakı, TurkicWorld

Bu gün 32 ildən sonra Xocalıda məktəbin açılışı biz xocalılar üçün çox qürurverici bir hadisədir.

Bu barədə TurkicWorld-ün suallarını cavablayarkən Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Nəvai Həsənov deyib.

"Xocalı tarixində çox qanlı günlər olsa da, inanırıq ki, bu gün onun çiçəklənən dövrü başlayır. Bu gün Xocalıda ilk zəngi çalan şagirdlərimiz elə çətin günləri görməyəcək. Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsi və siyasəti nəticəsində o qara buludlar xalqımızın üzərində bir daha olmayacaq.

Məktəbimiz 132 şagird üçün nəzərdə tutulub. Hazırda 33 şagirdlə tədrisə başladıq. Ümid edirik ki, ilin sonunadək şagird sayımız artacaq. Məktəbəhazırlıq qrupları üçün də məktəbdə uyğun şərait yaradılıb. Onlar oktyabrın 1-dən etibarən tədrisə başlayacaq", - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq. 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Həmin məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

Mövzuya görə xəbərlər