Bakı. TurkicWorld :
Tapılan insan qalıqları heç bir fərdiləşmə aparılmadan basdırılıb.
TurkicWorld xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev bu gün keçirilən brifinqdə deyib.
O.Rzayev bildirib ki, "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub.
"Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyasının tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.
Həmin Konvensiyaya əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər.
Qeyd edilən kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib", - o qeyd edib.
Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.