Son dəqiqə

Azərbaycan İlahiyyat İnstitutu Aİİ

Pakistan Müsəlman İnstitutunun sədri Aİİ-nin qonağı olub

Bakı. TurkicWorld:

Pakistanın Müsəlman İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Aİİ-də “Məhəmməd Füzuli və Məhəmməd İqbal yaradıcılığının müqayisəli təhlili” mövzusunda təşkil olunmuş seminarda Sahibzadə Sultan Ahmed Ali məruzə ilə çıxış edib.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı İnstitutda görməkdən məmnun olduğunu bildirib. Rektor Azərbaycan və Pakistan ölkələri arasında mövcud qardaşlıq münasibətləri haqqında söhbət açıb. İnstitut rəhbəri hər zaman Azərbaycanın yanında olduğu üçün, xüsusilə 44 günlük Vətən müharibəsi zamanında bizə göstərdikləri mənəvi dəstəyə görə Pakistan xalqına təşəkkür edib.

Rektor daha sonra Aİİ ilə Pakistanın Müsəlman İnstitutu arasında mövcud əməkdaşlıq memorandumuna diqqət çəkib, iki ali təhsil müəssisəsinin birlikdə fəaliyyəti və gələcək perspektivləri barədə danışıb.

Pakistanın Müsəlman İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali “Məhəmməd Füzuli və Məhəmməd İqbal yaradıcılığının müqayisəli təhlili” mövzusunda çıxış edib. O, Azərbaycanın dahi şairi Məhəmməd Füzuli və XVII əsr pakistanlı sufi mütəfəkkir Məhəmməd İqbal yaradıcılığı arasındakı əlaqə, ədəbi-fəlsəfi görüşlərinin təhlilinə diqqət çəkib. Qonaq Azərbaycanın dahi şairi Məhəmməd Füzuli və Məhəmməd İqbal yaradıcılığında peyğəmbərlik konsepsiyası və müsəlman mədəniyyəti məsələlərinin mühüm yer tutduğunu vurğulayıb. Sahibzadə Sultan Ahmed Ali İslam dininin Pakistanda yayılması, həmçinin sufi məktəbləri barədə geniş məlumat verib.

Seminarda Azərbaycan–Pakistan qardaşlığı, ali təhsil müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən tədbirlər və Pakistan Müsəlman İnstitutunun Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər barədə materialları özündə əks etdirən videorolik təqdim edilib.

Mövzuya görə xəbərlər