Son dəqiqə

Azər Allahverənov

Ermənistan sanksiya qaydalarına və şərtlərinə zidd olaraq Rusiyanın ehtiyaclarını təmin edir - Azər Allahverənov (ÖZƏL)

Bakı, TurkicWorld:

Rusiya sənayesinin Qərb məhsullarına ehtiyacı Ermənistan hesabına təmin edilir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib.

“Son bir il ərzində Ermənistandan Rusiyaya ixrac edilən sənaye məhsullarında kəskin artım müşahidə edilir və Qərb bundan xəbərdardır. Bu, bir daha onu göstərir ki, Ermənistan iqtisadi sanksiyalardan kənar zəruri sənaye məhsulları ilə Rusiyanın ehtiyaclarını ödəmək niyyətindədir. Hətta Qərb şirkətləri tərəfindən Ermənistana mikro çiplərin ixracı son zamanlarda kəskin artıb. Sanki Rusiyanın müxtəlif ehtiyacları iqtisadi sanksiyalardan kənar Ermənistanın hesabına təmin edilir”, - deyə A.Allahverənov qeyd edib.

Onun sözlərinə görə, Ermənistan, İran, Çin bu və ya digər formada iqtisadi sanksiyalara əhəmiyyət vermədən Rusiyaya dəstəyini göstərir.

“Qərbin bu məsələlərə göz yummasının səbəbi özünün iqtisadi maraqlarıdır. Ermənistana istər mikro çip, istərsə də digər sənaye məhsullarının ixracında heç bir məhdudiyyət olmadığı üçün Qərb şirkətləri asanlıqla bunu həyata keçirir. Sonrakı mərhələdə isə Ermənistan sanksiya qaydalarına və şərtlərinə zidd olaraq Rusiyanın ehtiyaclarını təmin edir”, - deyə o vurğulayıb.

A.Allahverənov onu da qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqları işğal altında idi və bu torpaqlarda belə Qərb şirkətləri qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu.

“Hətta BMT-nin dörd qətnaməsinə əsasən, Azərbaycan torpaqlarının işğal altında olmasının təsdiqlənməsinə baxmayaraq, təbii sərvətlərimiz talanırdı. Bu, da bir daha göstərir ki, bəzi hallarda siyasi maraqlarla iqtisadi maraqlar üst-üstə düşmür”, - deyə o əlavə edib.

A.Allahverənov hesab edir ki, Qərb bu məsələdə də bir daha özünün ikili standartlarını nümayiş etdirmiş oldu.

“Ermənistan höküməti Rusiyaya malların ixracı ilə bağlı hədəfə alınmalıdır, çünki sanksiya şərtlərinə zidd olaraq bu prosesi həyata keçirir. Qərb dövlətləri bu məsələdən xəbərdardır, lakin Ermənistana sanksiyaların tətbiq edilməsində nə dərəcədə israrlı olmaları bəlli deyil. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı vaxtda belə bu ölkəyə sanksiyalar tətbiq edilmədi”, - deyə o bildirib.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər