Elçin Əmirbəyov Şimali Makedoniya Prezidenti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib

Elçin Əmirbəyov Şimali Makedoniya Prezidenti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi səfir Elçin Əmirbəyov bu il ATƏT-in fəaliyyətdə olan sədrinin funksiyalarını yerinə yetirən Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Skopyedə bu ölkənin Prezidenti Stevo Pendarovski və parlamentin sədri Tələt Cəfəri ilə görüşlər keçirib.

TurkicWorld xəbər verir ki, görüşlər zamanı Azərbaycan və Ermənistan arasında münaqişədən sonra münasibətlərin normallaşmasına yönəlmiş sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərinə dair Azərbaycan tərəfinin mövqeyi və qiymətləndirməsi ətraflı şəkildə Şimali Makedoniya rəhbərliyinin diqqətinə çatdırılıb. İrəvanın üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirməsinin, ilk növbədə Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən dərhal və tam şəkildə çıxarılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin açılması üçün şəraitin yaradılmasının zəruriliyi xüsusi vurğulanıb.

Rəsmi Skopyenin ATƏT-in sədri kimi Azərbaycanın irəli sürdüyü, həyata keçirilməsinin bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin, sabitliyinin və inkişafına töhfə verəcək sülh gündəliyinə hər cür dəstək verəcəyinə ümid ifadə olunub.